Vaxt.Az

Qızılda sakitlikdir


 

Trampın tarif təhdidləri və FED gözləntiləri qızıl bazarını sabit saxlayır

Qızılda sakitlikdir Qızıl, ardıcıl iki günlük yüksəlişin ardından bu gün sabitləşib. İnvestorlar diqqəti ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri ilə bağlı açıqlamalarına və Federal Ehtiyat Sisteminin (FED) gələcək siyasətinə yönəldib.

Külçə qızılın bir unsiyası 3.332 dolların üzərində ticarət olunur və bu, çərşənbə və cümə axşamı günləri qeydə alınan qazancın bir hissəsini qoruyub saxladığını göstərir. Tramp bu həftə Kanada və Braziliya da daxil olmaqla bir sıra ölkələrə qarşı tarif tədbirləri açıqlayıb və bu tədbirlərin tətbiqi üçün son tarixi 1 avqusta çəkib. Eyni zamanda, ABŞ-a mis idxalına yüksək vergi tətbiq ediləcəyini də bəyan edib.

Digər tərəfdən, bazarlar FED-in faiz siyasətinə dair gözləntilərlə də maraqlanır. 2025-ci ilin ikinci yarısı üçün faiz endirimi ehtimalları barədə fikir ayrılıqları mövcuddur. San Fransisko FED Bankının rəhbəri Meri Deyli bu il iki dəfə faiz endiriminin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, tariflərin qiymətlərə təsiri əvvəlki qədər kəskin olmaya bilər. Daha aşağı faiz dərəcələri, adətən, qızıl kimi dəyərli metallar üçün müsbət fon yaradır.

Spot bazarda qızıl, Bakı vaxtı ilə saat 04:32-də 0,3 faiz artaraq bir unsiya üçün 3.332,31 dollardan alınıb-satılıb. “Bloomberg Dolar İndeksi” isə sabit qalıb. Gümüş və palladium qiymətlərində artım müşahidə olunub, platində isə ucuzlaşma qeydə alınıb.

 





11.07.2025    çap et  çap et