İranda hakimiyyətin ən zirvəsində dayanan bir şəxs bütün farsların Azərbaycana qarşı nifrətini körükləyir: Ali Rəhbər Əli Xameneyi.
“İran daxilində Azərbaycan xalqına qarşı bu izaholunmaz nifrəti izah etməyə çalışan bəzi məlumatlara görə, Xameneyinin anası erməni əsilli iranlıdır ki, bu da onun Azərbaycana olan düşmənçiliyinin mənbəyi ola bilər. Bu, həm də Xameneyinin hakimiyyəti dövründə İranın Ermənistanla dərinləşən əlaqələrini izah edir”.
Ali liderin xalqa aşılamaq istədiyi fikir odur ki, Azərbaycan İsrailin əlində “sionist alət” çevrilib, Yaxın Şərqdə və Qafqazda regional sabitliyə təhlükə yaradır.
Azərbaycana böhtan atma tendensiyası əvvəl media orqanlarından və ya “Telegram” kanallarında müşahidə olunurdu. İndi isə bu tendensiya birbaşa İran hökumətinin özündən qaynaqlanır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycana qarşı hücuma keçdi.
Sobhani çoxdan diplomat kimi fəaliyyətini dayandırıb və İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) diplomatik hücum itinə və Qafqazda yalanların əsas tədarükçüsünə çevrilib. O, iddia edib: “İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarəsinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə rəsmi Tehran məlumatlara malikdir”.
Kiçik bir haşiyə çıxaraq deyim ki, İran prezidenti Məsud Pezeşkian 7 iyulda İranın şimalında yerləşən Gilan vilayətində vilayət şurasının iclasında deyib ki, yayılan bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik orqanları bəzi qonşu ölkələrin İrana hücumlar zamanı İsraillə hərbi əməkdaşlıq etdiyinə dair hər hansı bir əlaməti təsdiqləməyiblər.
Əli Xameneyinin anası ermənidirmi? Qərb mənbələri yazır ki, Əli Xamenei 1939-cu ildə Məşhəddə Şərqi Azərbaycan vilayətinin Xamane şəhərindən olan Xameneyi ailəsində anadan olub. Onun atası Xamanedən olan etnik azərbaycanlı, anası isə Yəzddən olan etnik farsdır.
Reallıq isə belədir ki, İranda fars şovinizminə söykənən molla rejimi Ermənistanla dostluq, Azərbaycan ilə isə düşmənçilik siyasəti yeridir. Molla rejiminin ən başında isə Əli Xameneyi yer alır. Nə təhər ola bilər ki, İranın ali lideri də, prezidenti də türk olsun. Ancaq ölkədə total şəkildə anti-türk təbliğatı aparılsın. Bunu sağlam məntiqlə anlamaq sadəcə mümkün deyil.
Türk olması ilə iftixar duyduğunu deyən Məsud Pezeşkian İran prezidenti seçildikdən sonra vəziyyət xeyli dəyişib. Məsələn, Məsud Pezeşkianın yuxarıda vurğuladığım bəyanatı onu deməyə əsas verir ki, bundan sonra İranda anti-türk siyasəti yeritmək getdikcə çətinləşəcək...