ABŞ Prezidenti Donald Trampın “Tərəfini seç” çağırışı artıq açıq-aşkar təzyiq vasitəsinə çevrilib. Xüsusilə də Cənub-Şərqi Asiya ölkələri bu prosesdə konkret seçim qarşısında qalırlar.
Tramp tərəfi “gümrük tarifləri” ilə təzyiq göstərdiyi halda, Çin Prezidenti Si Cinpin ABŞ dollarının rolunu zəiflədən “de-dollarizasiya” siyasətini gündəmə gətirib. Çin və Misir arasında yerli valyutalarla ödənişi nəzərdə tutan sazişlər bunun bariz nümunəsidir.
Digər tərəfdən, ABŞ Yaponiya və Cənubi Koreyadan idxal olunan mallara 25 faiz vergi tətbiq etdiyini açıqlayıb. Daha sonra Braziliyaya 50 faizlik əlavə tarif tətbiq olunacağı bildirilib. Bu addımlar, Rio-de-Janeyroda keçirilən BRICS Liderlər Zirvəsi və oradakı dollar əleyhinə çıxışlara cavab kimi qiymətləndirilir.
Tərəflər arasında yaranan bu iqtisadi savaşda qeyri-neft resursları və texnoloji yeniliklər ön plana çıxmağa başlayıb. Məsələn, Pakistan və ABŞ arasında sıfır tarif, kriptovalyuta və nadir torpaq elementlərini əhatə edən yeni ticarət razılaşmasının son mərhələdə olduğu bildirilir.
Bu tendensiya, ənənəvi enerji resursları dövrünün yavaş-yavaş sona çatdığına, yerini isə strateji texnoloji və maliyyə vasitələrinin aldığına işarə edir.
Qlobal miqyasda baş verən bu proseslər göstərir ki, dünya artıq sabit deyil və hər gün yeni geosiyasi tənzimləmələrlə oyanırıq. ABŞ və Çin arasında cərəyan edən iqtisadi savaş sadəcə iki ölkə arasında deyil, bütün qitələri əhatə edən bloklaşma tendensiyasını ortaya çıxarır.