Vaxt.Az

Rusiya ilə sərhəddə təşviş


 

“Hər şeyə şübhə ilə yanaşmalıyıq”

Rusiya ilə sərhəddə təşviş Norveçin Kirkenes qəsəbəsində rus casusları barədə təşviş hökm sürür. “The Wall Street Journal” (“WSJ”) yazır ki, Rusiyaya ən yaxın sərhəd qəsəbələrindən biri olan Kirkenes artıq casusluq mərkəzinə çevrilib.

Əvvəllər sakit bir sərhəd yaşayış məntəqəsi kimi tanınan bu kiçik Skandinaviya qəsəbəsində Ukrayna müharibəsindən sonra geniş paranoya yaranıb.

Norveçin daxili təhlükəsizlik xidməti (PST) ilə birgə patrulda olan “WSJ” jurnalistlərinin bildirdiyinə görə, qəsəbə sakinləri tanımadıqları şəxslər tərəfindən izlənildiklərini və yollarda nömrəsiz avtomobillər gördüklərini deyirlər.

Murmanskdan gələn rus balıqçı gəmilərinin tez-tez Kirkenes limanına yanaşdığı, lakin hazırda onların potensial təhlükə hesab edildiyi vurğulanır. Murmanskın Rusiya Şimal Donanmasının və strateji nüvə arsenalının mərkəzi olduğu xatırladılır.

Sərhəddə xidmət edən norveçli əsgərlərin əksəriyyəti 18–19 yaşlı gənclərdən ibarətdir. 19 yaşlı Maqnus Karlsvik vəzifəsini belə izah edir: “Bizim işimiz rus qoşunlarının hərbi infrastrukturları ilə bağlı fotoların çəkilməsinin qarşısını almaqdır”.

Əsgərlər bildirirlər ki, qış aylarında sərhəddə izləri görür və mütəmadi olaraq durbinlə rus əsgərlərinin fəaliyyətlərini qeyd edirlər.

PST-nin bölgə üzrə nümayəndəsi Yohan Roaldsnes Kremlin “hibrid müharibə” taktikalarından istifadə etdiyini, belə əməliyyatların müharibə ilə sülh arasındakı sərhədi qeyri-müəyyənləşdirdiyini deyir: “Nəyinsə səhv olduğunu hiss etsək də, tam nə olduğunu söyləyə bilmirik. Burada, şimalın bu küncündə hər şeyə şübhə ilə yanaşmalıyıq”.

Norveç casusluq fəaliyyəti apardıqları iddiası ilə Rusiyanın ən böyük balıqçılıq şirkətlərindən sayılan “Norebo” və “Murman Seafood”u təzəliklə sanksiya siyahısına daxil edib.

Norveçin Xarici İşlər naziri Espen Bart bu şirkətlərin Kremlin dəstəklədiyi kəşfiyyat əməliyyatının bir hissəsi olaraq Norveç infrastrukturu üzərinə yönəldiyini bildirib.


 





12.07.2025    çap et  çap et