Böyük Britaniyadakı “Essex” Universitetindən Ceyson Moran deyir ki, “İdmançılarla söylədiyimiz sözlərin onların performansına ölçülə bilən və ani təsiri var”.
Moran və tədqiqatçılar aşkar ediblər ki, gənc futbolçular bədənlərindən daha çox ətraflarına fokuslandıqda daha sürətli qaçırlar. Sadə bənzətmələr 20 metrlik sprintlərini 3 faiz sürətləndirdi.
Tədqiqatçılar vurğulayırlar ki, adi halda bu nəticələrə çatmaq üçün insanlara həftələrlə hədəfə yönəlik məşq proqramı tətbiq olunur.
Moran əlavə edir: “Bu konkret bənzətmələr daha da inkişaf etdirilə bilər. Məsələn, bir oyunçudan “Ferrari kimi sürətlən” demək sadəcə “sürətli qaç” deməyə nisbətən onun ağlında daha çox obraz yaratmış olar”.
Tədqiqatın müəllifləri nəticələri əldə etmək üçün “Tottenham Hotspur” akademiyasının 20 üzvünü müşahidə ediblər. Bütün oyunçular 14 və ya 15 yaşlarında idilər.
Sprint məşqlərinə qatılan gənc idmançılara qaçışdan əvvəl müxtəlif göstərişlər verilirdi.
Nəticədə tədqiqatçılar aşkar etdilər ki, gənclərə “yerdən təzyiq edin” demək, “ayaqlarınızı yerə basın” deməkdən daha güclü nəticələr verir. Amma ən yaxşı performanslar oyunçular “göylərə şığıyan təyyarə kimi qaçın” deyə təşviq edildikdə ortaya çıxdı.
Mövzunun açarı başa düşülməsi çətin ola biləcək texniki terminlərdən istifadə etməyən təlimatların sadəliyindədir.
Moran yekun olaraq bildirir: “Müəllimlər və valideynlər idmanın növündən asılı olmayaraq sadə bənzətmə yolu ilə uşaqlardan ən yaxşı nəticə ala bilərlər”.