Vaxt.Az

Qəzetçi, bağban və düşüncə adamı


 

Bəy kimi Bəyzadə, Müəllim kimi Öyrədən – Səməd Məlikzadə

Qəzetçi, bağban və düşüncə adamı Səmədi ilk dəfə görəndə elə sanmışdım ki, yaşca ondan böyüyəm. Bu səbəbdən ona birbaşa “Səməd” dedim, “müəllim”siz və “bəy”siz.

Ancaq qısa müddət sonra gördüm ki, Səməd Məlikzadə bu müraciət formalarının ikisinə də uyğun bir adamdır – Bəy kimi Bəyzadə, Müəllim kimi Öyrədən idi.

Dilim yavan çağırmağa alışdığından elə də qaldı – Səməd…

Tanıdığım gündən onu sevdim – zəhmətkeşliyini, dürüstlüyünü və ən çox da təvazökarlığını. Özünü sıravi bir “qəzetçi” kimi görürdü. Ancaq elə deyildi. O, yaxşı media təşkilatçısı, bacarıqlı jurnalist idi, istedadlıydı. Ana dilinə hakim olması, şirin Şirvan şivəsi çox xoşuma gəlirdi…

AzTV-nin Türkiyə Təmsilçisi idim. Kapitalist ölkəsində işləyirdim, maaşımı, operatorumla xərclərimi bolşevik qafalı məmurlar hazırlamışdı. Əlavə işə ehtiyacım vardı…

Televiziya ilə bərabər BBC-nin “World Service”nə də materiallar hazırlayırdım.

Bir müddət sonra İrfan Sapmazın “Avrasiya” qəzetinə köşə yazmağa başladım.

Səmədi də ilk dəfə orda gördüm.

Səliqəli idi, qəzetə faksla göndərdiyim yazıları, fotoları saxlayır, arxivində mənimlə bağlı kiçicik bir bölmə də yaratmışdı.

O arxiv indi kənddəki evindədir.

Bir gün mənə dedi ki, səhərlər qəzetdə köşə yazın çıxır, axşamlar televiziyada materialın gedir efirə, saat 22-də isə BBC-dən gəlir səsin… Necə çatdırırsan bunları?

Ona təxminən belə bir cavab vermişdim: “Mənə Ankarada mane olan yoxdur, sən isə burda müxtəlif xarakterli insanlarla mübarizə içindəsən. Sənə daha çətindir”…

Qəribə bir könül bağı yaranmışdı aramızda. Onun daxili dünyasına heyrandım, taleyin ona vurduğu ağır zərbələri də bilirdim, onları necə ağrı ilə yaşayaraq təslim olmadığını da…

“Avrasiya” bir az macərapərəst qəzet idi. Jurnalistlər isə macəraya məhəl qoymadan alın təri ilə yaşayan dürüst əməkçilər idilər. Təbii ki, “bir kaç yaramaz” da var idi, ancaq nə hikmətdirsə Səməd onları yaramaz kimi bilmirdi. Çünki özü təmiz və saf insandı.

Günlərin birində Eldar Namazov məni təzəcə təsis etdiyi “Panorama” qəzetinə çağırdı. Səmədlə ünsiyyətimiz seyrəkləşdi…

Keçən il əziz dostumun “Özü göl, dərdi dəniz Xəzər” yazısını oxudum. Səmədin Xəzər gölü qədər dərin, dərdi dəniz qədər böyük bir insan olduğunu gördüm bir daha. Sakit görünüşü, içindəki fırtınalı dünyası, tox duruşu, yeri gələndə söylədiyi sərrast sözlərini xatırladım. “Facebook”dan zəng elədim. Artıq əməkdar bir qəzetçi deyildi, gözəl Ağsunun mərd insanlarının yaşadığı bir kənddə – ata yurdunda yaşayırdı Səməd. Kəndli bir baba olmuşdu artıq.

Qəzet yapan, məqalələr və gözəl mətnlər hazırlayan, kitablar yazan Səməd artıq bağa-bostana baxır, ağac əkir, becərir, torpaqla əlləşir, arada Xəzərdən yazır. Xəzərin bir çox sirləri sinəsində gizlətdiyi kimi indi Səməd də həyatın, jurnalistikanın, dostluğun və insanlığın ən saf qatlarını qoruyur. Xəzər – ilham qaynağı, təbiətimizin aynasıdırsa, Səməd jurnalistikamızın ensiklopediyasıdır, o, “əməkdar jurnailst” olmasa da Ustaddır.

Bir çox dostları kimi mən də onun doğum gününü qarışdırıram. 15 iyunda təbrik etmişdim, dedim bir də 15 iyulda mübarəksən deyim. Məncə, bu gün mətnlərin, sözün, səssiz fədakarlığın, görünmədən var olan gücün bayramıdır. Nə orden-medal bəklədin, nə də ev istədin yuxarılardan. İmkanım olsaydı səni "Zəhmətə Ehtiram" medalı ya da "Sözə Sədaqət" ordeni ilə təltif edərdim…

Əziz Böyük Qardaşım, nə qədər sadə olsan da bu peşənin böyüklüyü sənin kimi az saydakı fədakar insanlar sayəsində olubdur. Və biz – səni tanıma mutluluğu yaşamış dostların səninlə fəxr edirik. İşıqlı çöhrən solmasın, ruhun və fikirlərin Xəzər qədər dərin olsun!

Tək yaşayırsan, amma tək deyilsən, əziz Səməd.

Ad günündə kəndinizdəki gənc qohumların dəbə uyaraq sənə şam üflədib, tort kəsəcəklərmi, bilmirəm. Ancaq bilirəm ki, sən yenə tək qalanda dərin düşüncələrə dalıb özünə bu sualı mütləq verəcəksən: "Bu illər ərzində nə etmişəm?”…

Sənin ruh dünyanı bildiyim üçün nə cavab verəcəyini təxmin edə bilərəm.

Təvazökarcasına bunu söyləyərdin yəqin:

“Heç nə... sadəcə cızma-qara etmişəm, hərdən yazmışam. Arada da ağacların könlünü almışam”. Və bir də gözəl övladlar yetişdirib, qibtə ediləcək dostlar qazanıbsan. Və bu il ilk dəfədir ki, doğulduğun gündə dəyərli dostun, rəssam, professor Ziyadxan Əliyevin təbrikini eşitməyəcəksən. Doğum günündə Ziyadxan Bəyi anıb, rəhmət diləmək istədim…

Səmədin qələmi ilə bar verən sözləri, əməyi ilə bar verən ağacları zəkanın, zəhmətin, səmimiyyətin məhsullarıdır. Belə bir qiymətli insansan, əziz insan! Mübarəksən!

Ürəyin sağlam olsun, qələmindən söz, həyatından nur əskik olmasın!

100 yaşa, Səməd – yazar, bağban və düşüncə adamı!

15 iyul 2025,
Bazel, İsveçrə

 





15.07.2025    çap et  çap et