Nədir Azərbaycanın islam dünyasına “zidd siyasəti”? Vilayətinin Azərbaycana iki “iradı” var. Birincisi, Bakı Suriya ilə İsrail arasında vasitəçilik edir və bu Vilayətinin yanlış məntiqinə görə islam dünyasının mənafelərinə ziddir. Halbuki, Tehran özü də İsraillə müharibəni bitirmək üçün üçüncü dövlətlərin vasitəsilə Tel-Əvivə mesajlar göndərirdi. Əgər Bakının vasitəçiliyi sayəsində İsraillə Suriya arasında gərginlik azalacaqsa, bölgə yeni müharibə təhlükəsindən qurtulacaqsa, bunun nəyi pisdir ki? Məgər bölgədə yeni müharibə islam aləminin maraqlarına xidmət edir? Əslində Vilayəti bu açıqlamasıyla Suriya-İsrail gərginliyinin İrandakı rejimin maraqlarına cavab verdiyini büruzə vermiş olub. Halbuki, bu gərginlik İranda yaşayan xalqların mənafelərinə uyğun deyil. İrandakı xalqlar milyardlarla dolların nüvə proqramına, proksi qüvvələrə xərclənməsinə deyil, sosial problemlərinə həllinə yönəldilməsinin tərəfdarıdırlar. Ancaq Vilayət kimiləri bu az narahat edir. Vilayətinin ikinci “iradı” onadır ki, Azərbaycan İsrailə neft satır, bu da köhnə mahnıdır. Azərbaycan nefti Türkiyənin Ceyhan limanı üzərindən satışa çıxarılır, hansı şirkət uyğun qiymət verirsə, Azərbaycan neftini tankerlərə doldurur və istədiyi ölkəyə satır. Vilayəti bunu çox gözəl bilir, sadəcə, illərdir onda formalaşan anti-Azərbaycan mövqeyi ölkəmiz əleyhinə istənilən saman çöpündən yapışmağa sövq edir.
Azərbaycan torpaqları işğal olunarkən. Erməni separatçıları Qarabağda məscidləri dağıdarkən, Vilayəti İranın xarici işlər naziri idi. O zaman ondan “tık” səs çıxmadı, bircə dəfə demədi ki, islam dünyası ermənilərin məscidləri dağıtmasına qarşı səsini çıxarmalıdır. Ancaq elə ki, Azərbaycan ərazilərini işğaldan azad etdi və məscidləri bərpa etməyə başladı, Vilayət kimilər bundan narahat olmağa başladılar. Bu onu göstərir ki, Vilayəti kimilər hər zaman İran-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhinə olacaqlar.