Amerikalı səfirin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması Azərbaycan və Ermənistanın gündəmində də şok effekti yaratdı.
Belə ki, “Middle East Eye” nəşrinin yaydığı məlumata görə, Tom Barak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır.
Diplomatın sözlərinə görə, Ağ Ev 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib.
Tom Barak “sülh mələyi” obrazına girərək qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.
Maraqlıdır ki, ABŞ-ın Zəngəzur dəhlizi təklifinə Ermənistan tərəfinin reaksiyası özünü çox da gözlətmədi.
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib ki, “Ermənistan yalnız öz yurisdiksiyası altında nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edir. Ermənistan öz suveren ərazisinə nəzarəti heç bir üçüncü tərəfə həvalə etməyi müzakirə etməyib və müzakirə etmir. Ermənistan Respublikasının ərazisinin heç bir hissəsi Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasından kənarda ola bilməz. Ölkə qanunvericiliyinə görə, Ermənistan torpaqları yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. ABŞ səfirinin dediyi variant mümkün deyil”.
Göründüyü kimi rəsmi İrəvanın T.Barakın səsləndirdiyi təklifə reaksiyası mənfi olub.
Bəs, Bakı necə, sözügedən təklifə nə deyəcək?
İrəvandan fərqli olaraq Bakı hələlik reaksiya verməyə, münasibət bildirməyə tələsmir.
Lakin bəllidir ki, Zəngəzur dəhlizi ilə bağlı 100 illik icarə təklifinin perspektivdə Azərbaycan üçün müəyyən mənada müsbət tərəfləri də var. Rusiya və İran kimi məkrli, destruktiv ölkələrin mümkün təhdidlərini önləmək üçün ABŞ-ın bölgədə varlığı təhlükəsizlik üçün zəmanət rolunu oynaya bilər.
Ancaq əsl həqiqətdə isə, Azərbaycan üçün ən optimal variant eksterritorial Zəngəzur dəhlizi ideyasının gerçəkləşməsi olardı. Yəni ki, dəhlizə nəzarət hüququ Azərbaycana məxsus olmalıdır.
Türk dünyasının gələcək böyük birliyi baxımından da bu dəhlizə nəzarətin ABŞ və ya Rusiya tərəfindən yox, məhz Azərbaycan tərəfindən həyata keçirilməsi vacibdir.
Lakin aralıq dövr üçün dəhlizə nəzarət hüququ ABŞ-a verilə bilər – 100 illik icarə şəklində yox, müvəqqəti olaraq (misal üçün 10 il müddətinə). Vaşinqton müvəqqəti nəzarət ideyasına razılıq verəcəkmi, ya yox, bu da bir ayrı müzakirə mövzusudur.
P.S. Əsas odur ki, T.Barakın təklifi Moskvanın da canına vəlvələ salıb.