“The Wall Street Journal”ın analizinə görə, Trampın bu addımı uğurlu olmaq üçün “Patriot” sistemlərinin mümkün qədər tez Ukraynaya göndərilməsi vacibdir. Lakin indiyədək tədarük prosesinin detalları hələlik açıq qalır.
***
Keçmiş ABŞ administrasiyasında Pentagonda yüksək vəzifə tutmuş Selest Volander bildirir ki, “Rusiyanın taktikası Ukraynanın mövcud bütün hava müdafiə ehtiyatlarını tükətməkdir. Beləcə yazın sonu və ya payızda təşkil olunacaq mümkün hücuma qarşı Ukrayna müdafiəsiz qalacaq. Putin planlarını sarsıtdırmaq üçün yaz boyu kütləvi tədarük həyata keçirilməlidir”.
Analizə görə, Putinə qarşı indiyədək nisbətən “yumşaq” siyasət yürüdən Trampın silah tədarükü hədəsi kəskin strateji dəyişiklikdir. Tədarükün nə qədər operativ və genişmiqyaslı olacağı hazırkı riskləri müəyyən edəcək.
***
Prosesi sürətləndirmək üçün vacib məsələ Avropa ölkələrinin ABŞ-dan yeni “Patriot” raketlərini almağı gözləmədən əllərindəki sistemləri dərhal Ukraynaya göndərməsidir. Vaşinqton mərkəzli Almaniya “Marshall” Fondundan Kristin Berzina xəbərdarlıq edir ki, “Avropalılar əvvəlcə ABŞ-dan yeni tədarük alsalar, sonra mövcud sistemləri göndərsələr, yardım son dərəcə gecikər. Əlindəki “Patriot” sistemlərini dərhal yola salmalı, çatışmazlığı ABŞ-dan gələn əlavə raketlərlə doldurmalıdırlar.”
Almaniya kansleri Fridrix Mers bəyan edib ki, ölkəsi Ukraynaya dəstək üzrə “müəyyənedici rol” oynayacaq. Lakin o, “Patriot” tədarükünə dair konkret planı açıqlamayıb.
***
“The New York Times”ın analizində vurğulanır ki, Rusiyaya əlavə gömrük vergisi hədəsi real görünmür. Çinlə Rusiyanın illik 250 milyard dollarlıq ticarət əlaqəsi əsas götürülərək bildirilir ki, belə bir addım Pekinlə münasibətləri gərginləşdirə bilər. Trampın dünyanın ikinci ən böyük iqtisadiyyatına qarşı yenidən risk almaması ehtimal edilir.
Ukrayna prezidenti Vladimir Zelenski NATO-ya və ABŞ-a dəstək üçün təşəkkürünü bildirib. Moskva isə Ağ Evdən gələn hədəyə soyuq yanaşıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Trampın “göstərməli ultimatumu”nı ələ salıb və “Avropada savaş tərəfdarları gözlədiyi dəstəyi görə bilmədi, Rusiya isə umursamadı” deyib.