Subramanyam Cayşankar əvvəlcə çinli həmkarı Van Yi ilə görüşüb. Nazirlər iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün praktiki addımlar barədə razılığa gəliblər. Bundan başqa tərəflər humanitar mübadilələrin asanlaşdırılması məqsədilə qarşılıqlı səfərlər də daxil olmaqla əlavə addımlar atmağa qərarlaşdırıblar. Hindistan Xarici İşlər Nazirliyi Pekindəki müzakirələrlə bağlı bəyanat yayımlayıb. Bəyanatda müzakirələr konstruktiv və perspektivli adlandırılıb. Bildirilib ki, nazirlər gələcəkdə də ikitərəfli səfərlər və görüşlər vasitəsilə dialoqu davam etdirmək niyyətindədirlər. Hindistanın xarici işlər naziri Çinin vitse-prezidenti Han Cənlə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin sabit inkişafını təmin etmək üçün praktik əməkdaşlığı irəli aparması və qarşılıqlı əlaqələrə hörmət edilməsi vacibliyi vurğulanıb. İki ölkə arasında zaman-zaman yaşanan gərginliyə baxmayaraq, Subramanyam Cayşankar Hindistanla Çin arasında diplomatik əlaqələrin 75 illiyini yüksək qiymətləndirib və bildirib ki, “münasibətlərimizin davamlı normallaşması qarşılıqlı faydalı nəticələr verə bilər”. Hindli diplomat beynəlxalq vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir vaxtda Hindistanla Çin arasında açıq fikir mübadiləsinə ehtiyac duyulduğunu bildirib.
Hindistanın xarici işlər naziri Çindəki görüşlərdə qlobal və regional mövzuları da müzakirə edib. Misal üçün Hindistan-Pakistan gərginliyinin azalması Çin üçün əhəmiyyət kəsb edir. Pakistan Çinin müttəfiqidir. Buna baxmayaraq, Pekin Hindistan-Pakistan arasında gərginlik istəmir. Çünki, bu zaman bölgədə təhlükəli vəziyyət yaranır və bu Çinin iqtisadi maraqlarına ziddir. İkincisi, ABŞ prosesə müdaxilə edir ki, bu da Çinin maraqlarına ziddir.