2017-ci ildə 32,2 milyard Avro olan müdafiə büdcəsi 2025-ci ildə 50,5 milyard Avroya yüksəlib. 2026-cı ildə əlavə 3,5 milyard, 2027-ci ildə isə 3 milyard Avro ayrılmaqla on il ərzində büdcənin təxminən iki dəfə artırılması nəzərdə tutulur. Bu artımla müdafiə xərcləri təxminən 64 milyard Avroya çatacaq.
“Azad olmaq üçün güclü olmalıyıq”
Makron deyib ki, “dünyada azad qalmaq üçün qorxuducu olmalıyıq, qorxuducu olmaq üçünsə güclü olmalıyıq”. O, Ukrayna müharibəsi və ABŞ dəstəyinə dair qeyri-müəyyənliyin Avropanın müdafiə toxunulmazlığını zəiflətdiyini önə çəkib.
Fransız lider nüvə caydırıcılığının Avropa miqyasında gücləndirilməsinin vacibliyini qeyd edib. O, bu mövzuda strateji dialoqun başlanması üçün Müdafiə nazirinə tapşırıq verildiyini və ilin sonuna qədər ətraflı planın açıqlanacağını bildirib.
Makron gənclərlə ordu arasında əlaqəni gücləndirmək məqsədilə könüllü hərbi xidmət modelini yenidən tərtib etmək istədiklərini açıqlayıb. O, payızda yeni xidmət çərçivəsinin təqdim olunacağını söyləyib.
***
Fransa prezidenti müxtəlif təhlükələr – Rusiyadan gələn risklər, terrorla mübarizə, kiberhücumlar və texnoloji pozuntular qarşısında müdafiənin gücləndirilməsini əsas vəzifə sayır. O, əlavə büdcə vəsaiti hesabına sursat ehtiyatlarından dronlara, hərbi peyklərdən elektron müharibə sistemlərinə qədər çatışmayan sahələri komplektiv şəkildə təmin etməyi planlaşdırır.