Daha sonra Makedoniyalı İsgəndər Babili işğal edib yandırdı, Əhmənilər sülaləsini sona çatdırdı və dövlət parçalandı. Yerinə 100 il davam edən Yunan-Makedon dövləti quruldu. Beləliklə, iddia edilən dövlətçilik ənənəsi bitdi.
Sonradan Parfiya və Sasani imperiyaları yarandı, lakin onların da Xilafət tərəfindən işğal edilməsi ilə 250 illik ərəb idarəsi başladı. Ərəblərdən sonra Türk, Monqol və yenidən Türk hakimiyyətləri 1000 il idarə ilə gəldi. 1925-ci ildə isə Pəhləvi hakimiyyəti quruldu və İran fars idarəsinə keçdi.
Adı çəkilən dövlətlərin sülalələri, dilləri, dinləri, idarəçilik sistemləri və mərkəzləri fərqli olub. Pəhləvi sülaləsi əvvəlkilərin davamçısı olmadı, yeni sistem qurdu. Bəs necə ola bilər ki, bu ölkənin 3000 illik fasiləsiz dövlətçilik ənənəsi olsun?
Əslində, torpağında qədim dövlət izi olan demək olar ki, dünyanın hər yerində belə nümunələr var: Əfqanıstan onda desin ki, 4000 illik dövlətçilik ənənəsinə sahibəm, Meksika 6000 il, Peru isə 7000 il. Elə hər kəs, torpağından çıxan qədim dövləti əsas götürüb yaşını artırsın. Dünyada tarixi dövlət qurulmayan ərazi demək olar ki, yoxdur.
Dünyada eyni sülalənin, monarxiya adının dəyişmədən, dövlətin fasiləsiz qaldığı tək ölkə Yaponiyadır (1800 il). Sonra 1000 yaşı ilə Danimarka, İsveç, Britaniya, Tailand gəlir.