Buna baxmayaraq, Kreml 50 gündən sonra nələrin baş verəcəyi üzərində düşünmək məcburiyyətindədir. Əlbəttə, Putin Trampla münasibətləri gərginləşdirmək istəmir, ancaq Kreml sahibinin hədəflərinə çatmayana qədər müharibəni dayandırmaq fikri də yoxdur. Putin isə bu yay hədəflərinə çata bilməyəcək. Rusiya ordusu Ukraynada işğal ərazisini nisbətən genişləndirsə də, 4 bölgənin (Donetsk, Luqansk, Zaporojye və Xerson) administrativ sərhədlərinə çıxa bilməyib. Demək, müharibə ən azı ilin sonuna qədər davam edəcək. Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır. Atəşkəsin uzanması Putinə işğal ərazisini genişləndirməyə imkan verməyəcək. Ona görə də Putin Trampla münasibətlərin korlanmasına hazırlaşmalıdır. Putin başqa olmaqla Rusiya rəsmilərinin Tramp barədə fikirlərini 180 dərəcə dəyişmələri asan olmayacaq. Putin Trampa Rusiyaya qarşı siyasətini sərtləşdirməkdən başqa seçim qoymadı.
Bu arada, Kreml Pekinin dəstəyinə ümidlidir. Tramp Rusiya ilə enerji sahəsində əməkdaşlıq edən ölkələrə qarşı da sanksiyalar tətbiq edəcəyini açıqlayıb. Rusiyanın enerji sahəsində əsas tərəfdaşı Çindir. “The Telegraph” nəşrində yayımlanan məqalədə Çinin Trampın hədələrindən çəkinməyərək Rusiyadan neft, qaz və digər mineral resurslar almaqda davam edəcəyi yazılıb. Məqalədə Pekinin Kremlə daha dərin dəstək verəcəyi bildirilib. Hazırda Vaşinqtonla Pekin arasında ticarət sahəsində danışıqlar davam edir. Çin ABŞ-la ticarət müharibəsində maraqlı deyil. Buna baxmayaraq, Çin Rusiya ilə enerji sahəsində əməkdaşlığını davam etdirərsə, Vaşinqton Pekinə qarşı sərt tədbirlər həyata keçirəcək. Bu iki ölkə arasında ticarət sazişinin üstündən xətt çəkəcək.
Beləliklə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi kənar ölkələr arasındakı münasibətlərə də mənfi təsir edir. Putinin atəşkəsə razılaşmaması Vaşinqtonu Pekinə qarşı sanksiya tətbiqinə sövq edəcək. Putin bəlkə də bununla ABŞ-Çin münasibətlərinin gərginləşməsində maraqlıdır.