“The Line” – səhranın ortasında futuristik layihə
Körfəz ölkəsinin Qırmızı dənizə yaxın səhralıq ərazisində həyata keçirilən bu layihə, “Neom” adlı şirkət tərəfindən icra olunur. Peyk görüntüləri layihənin konkret formaya düşməyə başladığını göstərir.
Neom – Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın “Vizyon 2030” planının əsas elementi sayılır. Bu proqram ölkə iqtisadiyyatını neftdən asılılıqdan xilas etməyi hədəfləyir.
Layihə gecikmələr və büdcə limitlərinin aşılması ilə üzləşib. Bu səbəbdən hökumət layihənin miqyasını və reallaşdırılma imkanlarını yenidən qiymətləndirmək üçün xüsusi tapşırıq verib və bu məqsədlə layihəyə yeni CEO təyin olunub.
500 metrlik paralel göydələnlər
Layihənin ən iddialı hissəsi – “The Line”, səhranın ortasında 500 metr hündürlüyündə paralel şəkildə tikiləcək iki göydələndən ibarət olacaq. Səudiyyəli rəsmilər bu şəhərdə 2030-cu ilə qədər 1 milyon 500 min nəfərin yaşayacağını proqnozlaşdırırdı.
“The Line”ın əməliyyat direktoru Qaylz Pendlton iki həftə əvvəl verdiyi açıqlamada, iyul ayında tikinti prosesinin aktiv şəkildə davam etdiyini təsdiqlədi: ““The Lıne” inanılmaz sürətlə formalaşır və bu prosesdən böyük qürur duyuram.”
Plan yenidən masadadır
Səudiyyə Ərəbistanı bu ay beynəlxalq məsləhətçi şirkətlərə layihənin uyğunluğu və real həyata keçirilmə ehtimallarını yenidən qiymətləndirməyi tapşırıb. Bu qiymətləndirmə həm prioritetlərin dəyişməsi, həm də büdcə yükünün yenidən nəzərdən keçirilməsi ilə bağlıdır.
“Reuters” xəbər verir ki, neftin qiymətinin aşağı düşməsi Səudiyyə büdcəsinə təzyiqləri artırıb, bu da iqtisadi diversifikasiya planlarının maliyyələşdirilməsini çətinləşdirir.
Buna baxmayaraq, digər Körfəz ölkələri də qlobal investorları və turistləri cəlb etmək üçün yüksək texnologiyalı və dəbdəbəli layihələrə böyük vəsait yönəldirlər.
Körfəz krallıqları, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın bölgəyə səfəri zamanı ABŞ-a böyük sərmayə vədləri vermişdi.