Leysan və dolu yağışlarının Daşkəsən rayonuna ciddi ziyan vurduğunu deyən Ə.Abıyev təbii fəlakətlə bağlı Fövqəladə Hallar Nazirliyində və Prezident Administrasiyasında görüşlər keçirəcəyini deyib.
«Mən hadisə ilə bağlı Prezident Administrasiyasının rəhbərinin müavini Zeynal Nağdəliyevə məlumat vermişəm. O da bununla bağlı rəhbərliyi məlumatlandırıb. Qısa müddətdə hər şey bərpa olunacaq. Ziyanın ödənilməsi üçün Fövqəladə Hallar Nazirliyi, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və eləcə də Maliyyə Nazirliyinə ciddi tapşırıqlar verilib. Hadisə barədə Ramiz Mehdiyevə də məlumat verilib, o da müvafiq tapşırıqlar verib» - deyə icra başçısı qeyd edib.
Ə.Abıyevin sözlərinə görə, bölgələrdə baş verən təbii fəlakət birbaşa Fövqəladə Hallar Nazirliyi, şəxsən nazir Kəmaləddin Heydərovun nəzarətindədir.
«Bu məsələ Prezident Administrasiyasının da diqqətindədir. Hazırda özüm də Bakıdayam. Dolu yağışı ilə bağlı görüntüləri gətirib Fövqəladə Hallar Nazirliyinə və baş nazirin müavini Abid Şərifova təqdim etmişəm. Zeynal Nağdəliyevlə də danışmış ki, dəyən ziyan bərpa olunsun. Hazırda nə qədər maddi ziyan dəydiyi barədə dəqiq məlumat yoxdur. Amma komissiya yaradılıb və komissiya bu işlə ciddi məşğuldur».