Tehran rejimi çox gözəl anlayır ki, bu dəhlizin reallaşması ilə Azərbaycan öz ərazisi üzərindən birbaşa Naxçıvana və oradan da Türkiyəyə quru bağlantı əldə edəcək, bununla da İranın illərlə əlində saxladığı tranzit üstünlüyü və təzyiq aləti sıradan çıxacaq. Məhz buna görə də, İran bu dəhlizi rejimin “geosiyasi boğulma”sı kimi təqdim etməyə çalışır. Əslində isə İran öz inhisarçı siyasətini qorumaq üçün bu kimi uydurulmuş siyasi bəhanədən istifadə edir.
İran bilir ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanla Türkiyə arasında bir nəqliyyat xətti deyil, eyni zamanda bütün Türk dünyasının birləşməsi, Orta Asiya ilə Anadolu arasında iqtisadi və siyasi inteqrasiyanın fiziki təməlidir və bu, İran rejiminin təxribatçı planlarına tam ziddir. Bu səbəbdən Tehran Ermənistanla olan əlaqələrini gücləndirir, onu silahlandırır və Cənubi Qafqazda Azərbaycan-Türkiyə xəttinə qarşı balans yaratmağa çalışır. Lakin bu balans cəhdi, nə hüquqi əsaslara söykənir, nə də regional sülhə xidmət edir, əksinə, İran regionda sabitliyi pozan bir aktor kimi öz mövqeyini daha da ifşa edir.
Azərbaycan isə açıq şəkildə ortaya qoyur ki, öz torpaqları üzərindən keçən dəhliz və layihə onun suveren hüququdur və bu proses üçün heç bir üçüncü dövlətin icazəsinə ehtiyac yoxdur. İranın “boğuluruq” ritorikası əslində regionun gələcəyini nəzarətdə saxlamaq istəyinin bir ifadəsidir. Tehran yaxşı bilir ki, Zəngəzur dəhlizi gerçəkləşdikdə artıq Bakı üçün nə tranzit enerji, nə də iqtisadi marşrut baxımından İrana ehtiyacı qalmayacaq və bu, onun Qafqazdakı geosiyasi çöküşünün rəsmi başlanğıcı olacaq.
Ən təhlükəlisi isə odur ki, İran bu iddialarla faktiki olaraq Azərbaycanın müstəqil nəqliyyat siyasətini hədəfə alır və Zəngəzur layihəsini dayandırmaq üçün ya Ermənistanın əli ilə, ya da hərbi hədələrlə Bakı üzərində təzyiq qurmağa çalışır. Bütün bu davranışlar açıq şəkildə göstərir ki, İranın əsl məqsədi regionda sabitlik yaratmaq deyil, əksinə, Cənubi Qafqazı öz nüfuz dairəsində saxlamaq üçün Azərbaycan və türk dünyasının inkişafını bloklamaqdır. Lakin dünya dəyişir, geosiyasi reallıqlar yenilənir və artıq nə İranın hədəsi, nə də onun şərti “geosiyasi tənəffüs zonaları” anlayışı keçərlidir.
Azərbaycan dövlətinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi həm hüquqi, həm tarixi, həm də strateji baxımdan tam haqlıdır və bu layihəni reallaşdırmaq təkcə Bakının deyil, bütün Türk dünyasının ortaq marağıdır.
Bu baxımdan, Tehran bilməlidir ki, Azərbaycan nə keçmiş əsrin şərtləri ilə hərəkət edir, nə də artıq İranın təhdidlərinə boyun əyəcək bir dövlətdir. Hər bir müstəqil dövlətdə olduğu kimi, Azərbaycanın da beynəlxalq sferada öz yolunu sərbəst seçmək və müttəfiqləri ilə birbaşa əlaqə qurmaq haqqı var. Bu haqq heç bir rejimin “boğuluruq” ritorikası ilə məhdudlaşdırıla bilməz.