Xəbərdə bildirilir ki, 30-dan çox qanunverici Pezeşkianın istefasını tələb edir, bu isə “müharibədən sonrakı birliyə çağırışlarla qısa müddətlik ört-basdır edilmiş hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyini göstərir”. Sərt xətt tərəfdarları Pezeşkianı səlahiyyətlərini aşmaqda və İran İslam Respublikasını İsraillə münasibətlərin normallaşmasına sövq etmək üçün qurulan sui-qəsddə iştirakda ittiham edirlər. “Pezeşkianın administrasiyası onun prezidentlik müddəti başa çatmadan İslam inqilabına son qoyacaq”, – deyə İran parlamentinin deputatı, sabiq səfir Əbülfəzl Zöhrəvand bildirib, lakin iddialarına heç bir sübut təqdim etməyib.
“Onlar düşünürlər ki, inqilaba və Xameneyinin hakimiyyətinə son qoyaraq yeni bir dövr başlada və İbrahim Razılaşmalarına qoşula bilərlər”, – deyə deputat bildirib. Dövlət çevrilişi olub-olmadığı sualına Zöhrəvand belə cavab verib: “Əgər bu çevriliş deyilsə, bəs nədir?”
“Iran International” qeyd edir ki, Pezeşkian özü də İranda daxili mübarizəyə eyham vurub. “Bizə başqalarına öz baxışlarımızı zorla qəbul etdirmək icazə verilmir… Bizə qarşı çıxanlar mütləq bizim düşmənimiz deyil”, – deyə o, hökumət iclasında söyləyib.
Ali lider Xameneyiyə yaxın müşavir Məhəmməd Moxber də daxili siyasi parçalanma ilə bağlı mövqe bildirib və Pezeşkiana artan təzyiqləri pisləyib: “Bəzi siyasi qruplar və təşkilatlar prezidentin siyasi səriştəsini sual altına almağa çalışır… Bu, yanlış addımdır”.
“Hələ partlayışlardan qopan toz yatmamış, cəmiyyətdəki qütbləşmənin səsi raket partlayışlarından daha ucadan eşidilir”, – deyə keçmiş hökumət sözçüsü Əli Rabii bildirib. – “Gəlin sosial parçalanmanın qarşısını alaq – məhz bunu düşmənlərimiz istəyir”.
Atom alimi və sabiq deputat Əhməd Şirzad da Əli Rabiinin xəbərdarlığını dəstəkləyib və hakimiyyətlə xalq arasında barışığa xidmət edəcək daha inklüziv yanaşmaya çağırıb.
“Dövlət cəmiyyətin tələblərini qulaqardına vurmamalıdır”, – deyə İslahatçılar Cəbhəsinin nümayəndəsi Cavad İmam bildirib: “Hökumət bütün siyasi məhbusları azad etməli, siyasi həyata qatılmağa çağırmalı və ümumi amnistiya elan etməlidir ki, xaricdə yaşayan iranlıların vətənə qayıdışı asanlaşsın”.