Tək yaşayanların çoxunu yaşlılar təşkil edir. 65 yaşdan yuxarı şəxslərin 34 faizi, 85 yaş və üzəri olanların isə yarıdan çoxu – 56 faizi evində tək yaşayır. Maraqlıdır ki, 25-34 yaş arası gənclər arasında da tək yaşayanların nisbəti 28 faizə çatıb. Ümumilikdə, qadınların (21,2 faiz) tək yaşama ehtimalı kişilərdən (20 faiz) bir qədər yüksəkdir.
Avropa ilə müqayisədə Almaniya ön sıralarda
Məlumata görə, Almaniyada tək yaşayanların faizi Avropa Birliyi ölkələrinin orta göstəricisindən (16,2 faiz) yüksəkdir. Bu göstərici yalnız Litva, Finlandiya, Danimarka, Estoniya və İsveçdə daha yuxarıdır. Ən az tək yaşayan isə Slovakiya, İrlandiya və Polşada qeydə alınıb.
Tək nəfərlik ailələr Almaniyada artıq ən geniş yayılmış ev təsərrüfatı növüdür. Onların payı 41,6 faizdir və proqnozlara əsasən bu rəqəm 2040-cı ilə qədər 45 faizi ötəcək.
Yalnızlıq və yoxsulluq riski artır
Tək yaşamaq bəzən yalnızlıqla da nəticələnir. Statistikaya görə, təkbaşına yaşayan hər 4 nəfərdən 1-i özünü yalnız hiss edir. Bu göstərici 10 yaş və yuxarı əhali arasında ümumi göstəricidən (16,3 faiz) daha yüksəkdir. Xüsusilə 30 yaşadək şəxslər arasında bu rəqəm 36 faizə qədər yüksəlir. Əksinə, 65 yaşdan yuxarı şəxslər arasında özünü yalnız hiss edənlərin nisbəti nisbətən aşağıdır – 17,6 faiz.
Digər diqqətçəkən məsələ isə tək yaşayanların daha çox yoxsulluq riski altında olmasıdır. Keçən il onların 29 faizi yoxsulluq riski ilə üzləşib. Bu isə Almaniya əhalisinin orta göstəricisindən iki dəfə yüksəkdir.