Vaxt.Az

Təyyarədə baqaj qaydaları dəyişir


 

Avropalı sərnişinlərə yalnız kiçik çantaya icazə veriləcək

Təyyarədə baqaj qaydaları dəyişir Avropanın 20-dən çox aparıcı hava yolu şirkətini birləşdirən “Airlines for Europe” (A4E) təşkilatı yeni qərar verib: 2025-ci ilin yay sonundan etibarən bütün A4E üzvü hava yollarında əl baqajı standartı dəyişəcək. Yeni qaydalara əsasən, təyyarəyə pulsuz daxil ediləcək əl baqajı yalnız ön oturacağın altına yerləşdirilə bilən kiçik ölçülü çanta ilə məhdudlaşdırılacaq.

Yeni normaya görə, pulsuz əl baqajının maksimum ölçüsü 40×30×15 sm olacaq. Bu isə bazarda mövcud olan bir çox klassik çamadanların istifadəsinə qadağa qoyulması deməkdir. Məsələn, hazırda satılan ən kiçik çamadanın belə eni 18 sm-dir və bu, yeni normaya uyğun deyil.

Fransız iqtisadi mətbuatı qeyd edir ki, bu ölçülərə uyğun çamadan tapmaq demək olar ki, mümkün deyil. Yalnız laptop çantası və ya kiçik bel çantaları bu tələblərə cavab verir.

 

Qərar hansı hava yollarını əhatə edir?

Yeni qaydalar “Ryanair”, “EasyJet”, “Vueling”, “Transavia”, “Air France” və digər A4E üzvü hava yolları ilə səyahət edən bütün sərnişinlərə şamil olunacaq. Bu şirkətlərlə uçan sərnişinlər yalnız bir ədəd kiçik şəxsi çanta götürə biləcəklər. Əgər daha böyük çantanız varsa, əlavə ödəniş etməli olacaqsınız.

A4E təşkilatı bu dəyişiklikləri “sərnişinlərin son anda əlavə ödənişlərlə qarşılaşmasının qarşısını almaq” məqsədilə etdiyini bəyan etsə də, aviasiya ekspertləri bu qaydaların xüsusilə aşağıbüdcəli hava yolları üçün yeni gəlir mənbəyinə çevriləcəyini düşünür.

 





17.07.2025    çap et  çap et