Vaxt.Az

“Tam cavab verməliyik”


 

Medvedevdən Qərbə hücum təhdidi

“Tam cavab verməliyik” Rusiyanın keçmiş dövlət başçısı və Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev, Qərbin Rusiyaya qarşı “tammiqyaslı müharibə” apardığını bildirərək, Rusiyanın buna cavab olaraq “öncədən hücumlar” həyata keçirə biləcəyini vurğuladı.

ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini bitirmək üçün Rusiyaya 50 günlük ultimatum verdiyi bir zamanda, Rusiya tərəfdən diqqət çəkən açıqlamalar gəldi.

TASS xəbər agentliyinin məlumatına görə, Medvedev, Qərbin faktiki olaraq Rusiyaya qarşı “tammiqyaslı müharibə” apardığını deyərək buna güclü cavab verilməsinin vacibliyini bildirdi.

“Bugünkü savaş proksi müharibə olsa da, mahiyyət etibarilə tammiqyaslıdır”, – deyən Medvedev, Qərbin peyk kəşfiyyatı, buraxılan raketlər, tətbiq edilən sanksiyalar və Avropada silahlanma məsələsindəki açıqlamalarını misal göstərdi.

Medvedev iddia etdi ki, Qərb əsrlərdir Moskvanı zəiflətməyə çalışır və hazırda “Rusiyanı məhv etməyi” hədəfləyir.

“Biz də ona uyğun hərəkət etməliyik. Tam cavab verməliyik. Lazım gələrsə, öncədən hücumlar həyata keçirməliyik”, – deyə o əlavə etdi.

Keçmiş dövlət başçısı həmçinin, Qərbdə bir çox şəxsin qanında xainlik olduğunu və “öz üstünlüklərinə dair köhnəlmiş anlayışlara” sahib olduqlarını iddia etdi.

Medvedev, Rusiyanın NATO və ya Avropaya hücum edəcəyi yönündə yayılan iddiaları isə “tamamilə absurd” adlandırdı.

Vladimir Putinin bu iddiaları dəfələrlə rədd etdiyini vurğulayan Medvedev, Qərb siyasətçilərini bu yalanları bilərəkdən yaymaqda günahlandırdı və “sabitliyi pozmaq istədiklərini” dedi: “Bu, Qərbin bizimlə apardığı müharibənin başqa bir cəbhəsidir”.

2008-2012-ci illərdə Rusiya prezidenti olmuş Medvedev, liberal mövqedə olduğunu və ölkəsini müasirləşdirməyə çalışdığını iddia etsə də, son dönəmdə sərgilədiyi mövqe Qərb tərəfindən “Kreml qartalı” kimi qiymətləndirilib.

 

Trampa cavab?

NATO və ABŞ rəhbərliyi Rusiyanı böyük təhlükə olaraq görür və Qərb siyasətçiləri son zamanlar Rusiyanın yaxın zamanda NATO üzvü ölkəyə hücum edə biləcəyindən narahatlıqlarını bildirirlər.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini sona çatdırmaq üçün “barış tərəfdarı” kimi görünməyə çalışsa da, son vaxtlarda Putinə qarşı sərt tənqidlər edib.

Tramp bu həftənin əvvəlində Putinə qarşı “Bir qatildir demək istəmirəm, amma çox sərt biridir” ifadələrini işlədib. ABŞ-ın Avropalı müttəfiqlərlə birlikdə Ukraynaya yenidən hərbi yardım göndərəcəyi də bildirilib.

Tramp Rusiyaya 50 günlük müddət verdiyini və bu müddət ərzində münaqişənin həll edilməməsi halında ikinci dərəcəli sanksiyaları təsdiqləyəcəyini açıqlayıb.

 





18.07.2025    çap et  çap et