Vaxt.Az

Rusiyanın allergiyası ...


 

Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır

Rusiyanın allergiyası ... Budəfəki Şuşa Media Forumunda Maksim Şevçenkonu görmədik. Adam Kremlin qorxusundan bu dəfə Azərbaycana gəlməyə cəsarət etmədi.

Sergey Markov isə Putinə yaxın bir şəxs kimi tanınsa da, lakin ən azından sifətini (Azərbaycanın dostu imicini) qoruyub saxlamaq üçün bu Foruma qatıldı.

Söhbət Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markovdan gedir.

Xatırlayırsınızsa, S.Markov Yekaterinburq hadisələrinin ilk günlərində anti-Azərbaycan mövqeyindən çıxış etməyə başlamışdı. Lakin sonradan hadisələrin əsl mahiyyətini yaxından biləndə səhv mövqeyindən geri çəkilmək, fikirlərinə korrektələr etmək yolunu tutdu.

Bu gün Azərbaycan və Rusiya arasında gərginliyin davam etdiyi bir məqamda Markovun Xankəndidəki Qlobal Media Foruma gəlməsi şübhəsiz ki, cəsarətli addımdır.

Eşitdiyimə görə Sergey Markov ötən gün sözügedən Forumda Ukraynanı (Rusiya ilə qanlı müharibə vəziyyətində olan bir ölkəni) təmsil edən tanınmış jurnalist Dmitri Qordonla da görüşüb, söhbət edib. Bu addımına görə isə Markovu Kremldə çox ciddi sorğu-sualın gözlədiyi bildirilir.

İlham Əliyevin Dmitri Qordonun sualını cavablandırarkən Ukrayna xalqına heç vaxt işğalla barışmamağı tövsiyə etməsi isə Rusiyanın rəsmi dairələrində və ekspert camiəsində sözün əsl mənasında böyük ajiotaja səbəb olub. Bununla əlaqədar olaraq rusiyalı ekspertlərə və propaqandist tv-aparıcılara Azərbaycana qarşı daha sərt qaralama kampaniyasının aparılmasının tapşırıldığı bildirilir.

Görünür, işğalçı Rusiya rəhbərliyinin “işğalçı” sözünə qarşı allergiyası var. Lakin Putin gerçəkləri eşitməkdən istəsə də belə qaça bilməz. Təyyarəmizin vurulmasıyla bağlı Azərbaycanın beynəlxalq instansiyalara müraciət etməyə hazırlaşması isə Putinin yuxularını lap qaçıracaq. Qoy qaçırsın.

P.S. Ümumiyyətlə, Putin səhvlərinin bədəlini ödəməyə hazır olmalıdır.

 





21.07.2025    çap et  çap et