Vaxt.Az

“Wall Street”də “Pauel sığortası”


 

Tramp–FED qarşıdurmasına maliyyə cavabı

“Wall Street”də “Pauel sığortası” “Wall Street” investorları Donald Trampın FED rəhbəri Cerom Pauelin vəzifədən alması ehtimalını ciddi şəkildə nəzərdən keçirməyə başlayıblar. Bu riskə qarşı formalaşan yeni investisiya strategiyaları artıq bazarda “Pauelə qarşı sığorta” (“Powell hedge”) kimi tanınır.

Tramp gələcəkdə Paueli vəzifədən uzaqlaşdıra bilərmi? Hal-hazırda bu, əsas ssenari kimi qiymətləndirilməsə də, investorlar ehtiyat tədbirləri görür. “Citrini Research”dən Ceyms van Qilen bildirir ki, Trampın istədiyi kimi aşağı faiz siyasətini dəstəkləyəcək yeni bir FED rəhbərinin təyinatı mümkün olsa, bu, qısamüddətli faiz gəlirlərini azaldar, uzunmüddətli gəlirləri isə artırar. Səbəb sadədir: Zəif monetar siyasət və FED-in müstəqilliyinin sual altına düşməsi bazarlarda inflyasiya qorxusunu alovlandırır.

Bu baxımdan Qilen, müştərilərinə 2 illik ABŞ dövlət istiqrazlarını almağı, 10 illikləri isə satmağı tövsiyə edir. Eyni strategiyanı “RBC Global Asset Management” və “Invesco”nun strateqləri də dəstəkləyir. Onlar “steepener trade” – yəni qısa və uzunmüddətli istiqraz gəlirləri arasında fərqin artmasından qazanc gətirən mövqe qurulmasını təklif edirlər.

“Bank of America”nın faiz strategiyası üzrə mütəxəssisi Meqan Sviber isə başqa bir variantı – adi istiqrazlarla inflyasiyaya indeksləşdirilmiş istiqrazlar arasındakı gəlir fərqinə əsaslanan strategiyanı daha etibarlı sığorta kimi dəyərləndirir. O, bu strategiyanı FED-in yumşaq siyasətinin inflyasiyanı artırmaq riski fonunda daha “təmiz” müdafiə yolu adlandırır.

Lakin “Wall Street”in böyük hissəsi – o cümlədən van Qilen – hələ də Trampın Paueli “əsaslı səbəb” göstərmədən qanuni yolla vəzifədən uzaqlaşdırmasının çətin olduğunu düşünür.

“Polymarket” proqnoz bazarına görə, Pauelin 2025-ci ildə postunu tərk edəcəyi ehtimalı 22 faiz olaraq qiymətləndirilir. Bu göstərici ötən həftə 18 faiz idi. “Markets Pulse” sorğusunda iştirak edənlərin əksəriyyəti isə Pauelin 2026-cı ilin mayında rəsmi müddəti başa çatanadək vəzifəsində qalacağını düşünür.

 





21.07.2025    çap et  çap et