Vaxt.Az

Qlobal bazarlarda istiqamət axtarışı


 

ABŞ, Yaponiya və Çin arasında balans oyunu

Qlobal bazarlarda istiqamət axtarışı İyulun 18-də Federal Ehtiyat Sistemi (FED) Valisi Kristofer Vallerin iyul ayında faiz endiriminə getməyin mümkün olduğunu dilə gətirməsi ABŞ istiqraz bazarlarında mühüm dəyişikliklərə yol açdı. Qısamüddətli istiqrazların gəlirləri aşağı düşdü, çünki Valler, əgər digər FED üzvləri faizləri sabit saxlamaq yönündə səs versə, buna qarşı çıxacağını bəyan etdi. Bu çıxış, Federal Ehtiyatın “şahin” ritorikasında yumşalma kimi qiymətləndirildi.

Digər tərəfdən, Miçiqan Universitetinin açıqladığı məlumatlar ABŞ-da inflyasiya gözləntilərinin azaldığını göstərdi. İstehlakçılar əvvəlki ay 5 faizlik inflyasiya gözləyirdilərsə, bu rəqəm indi 4,4 faizə enib. Bu göstərici, FED-in gələcək faiz qərarlarına təsir edəcək əsas amillərdən biri kimi dəyərləndirilir.

Bütün bu proseslər fonunda “S&P 500” indeksində həftəlik artım 0,6 faiz təşkil etdi. Dolar cümə günü zəifləsə də, həftəlik göstəricilərə görə güclənməyə davam edir.

Yeni ticarət həftəsinə isə ABŞ bazarları sabit tərzdə başlayıb. “Bloomberg Dollar İndeksi” ötən həftə 0,6 faiz yüksəldikdən sonra bu gün ciddi dəyişiklik göstərmir. Yaponiya yeninin dollar qarşısında 0,7 faizədək möhkəmlənməsi isə diqqət çəkdi. Lakin bu, əsasən ölkədə keçirilən parlament seçkilərində yaranan siyasi qeyri-müəyyənliklə əlaqədar müvəqqəti reaksiya kimi qiymətləndirilir.

Sidneydə yerləşən “National Australia Bank”ın valyuta strateqi Rodrigo Katril bu mövqeni bölüşür: “Yen adətən qeyri-müəyyənlik dövrlərində möhkəmlənir, lakin bu proses adətən qısa müddətli olur və ilkin mərhələdə müşahidə edilir”.

Yaponiya maliyyə bazarları bu gün rəsmi tətil səbəbilə bağlıdır, lakin digər Asiya ölkələrində nisbətən pozitiv əhval müşahidə olunur. Çin və Honq Konq birjalarında müsbət dinamika qeydə alınıb. Çin bankları isə 1 və 5 illik əsas kredit faiz dərəcələrində dəyişiklik etməyərək mövcud faizləri sabit saxlayıblar.

Bütün bu makroiqtisadi və siyasi proseslər fonunda bazarların diqqəti bir neçə əsas faktora yönəlmişdir: FED-in faiz siyasəti, ABŞ-Avropa arasında ticarət danışıqları, həmçinin Yaponiya və Çin iqtisadiyyatlarında baş verəcək dəyişikliklər.

FED-in iyul ayı iclasında faizlərin endirilməsi ehtimalı aşağı olsa da, oktyabr ayı üçün bu ehtimalın artdığı müşahidə olunur. Trampın Cerom Paueli vəzifədən azad edə biləcəyi yönündə yayılan xəbərlər, ardınca isə bu məlumatların Tramp tərəfindən təkzib edilməsi bazarlarda təlatüm yaradıb. Qısa müddət ərzində ABŞ-ın 30 illik istiqraz gəlirləri 11 baza bəndi yüksəlib, 5 illik istiqrazlarla fərq son illərin ən yüksək səviyyəsinə çatıb. Dollar isə avro qarşısında ciddi zəifləyib.

Texnologiya və müdafiə sektoru səhmlərinin bu həftə açıqlanacaq maliyyə nəticələri də investorların diqqət mərkəzindədir. “Alphabet”, “Tesla”, “Lockheed Martin” kimi şirkətlərin göstəriciləri bazarın ümumi dinamikasına birbaşa təsir edə bilər.

Nəticə etibarilə, qlobal bazarlar hazırda üç əsas oxda – Vaşinqton, Brüssel və Tokio arasında qərarlaşmış vəziyyətdədir. Hər biri özündə həm maliyyə, həm də siyasi qeyri-müəyyənlikləri daşıdığı üçün investorlar qısa və orta müddətli dövr üçün ehtiyatlı strategiyalar qurmağa davam edirlər. FED-in növbəti mesajları, ABŞ-AB tarif danışıqlarının taleyi və Yaponiya daxilində siyasi sabitliyin səviyyəsi yaxın günlərdə bazarların gedişatına yön verəcək.

 





21.07.2025    çap et  çap et