18 iyul tarixindən etibarən ictimai nəqliyyatda kəsici-deşici alətlərin, qaz spreylərinin və digər oxşar silahların daşınması qadağan olunub. Yeni tətbiq, polis orqanları tərəfindən sərt nəzarət altında həyata keçirilir və qaydalara əməl etməyənlərə 10 min avroya qədər cərimə tətbiq oluna bilər.
Berlin polisinin açıqlamasına görə, qadağanın ilk günündə təxminən 100 nəfərlik polis heyəti metro, avtobus və tramvaylarda 600-dən çox sərnişini yoxlayıb. Nəticədə 11 bıçaq, 3 qanunsuz bibər qazı spreyi və müəyyən miqdarda narkotik maddə aşkarlanaraq müsadirə olunub.
Xüsusilə Alexanderplatz metro stansiyasında həyata keçirilən yoxlamalar zamanı polisin diqqəti daha çox gənc kişilərin çanta və geyimlərinə yönəlib. Uzun müddətdir cinayət, narkotik dövriyyəsi və qaçaqmalçılıq halları ilə gündəmdə olan U8 metro xətti xüsusi nəzarət altına alınıb.
Qadağa çərçivəsində cib bıçaqları, deşici-kəsici alətlər, şok cihazları, dəyənəklər, yaylı alətlər və bibər spreyləri daşımaq qadağandır. Yalnız ev heyvanlarının hücumundan müdafiə məqsədilə xüsusi etiketlə satılan spreylər istisnadır.
Polis xüsusi şübhə tələb etmədən yoxlama apara, qadağan olunmuş əşyalara müsadirə etmə və inzibati cərimə tətbiq etmək səlahiyyətinə malikdir.
Polis yeni qaydalarla bağlı sərnişinlərə çoxdilli broşürlər paylayıb, metro stansiyalarında elanlar və ekran bildirişləri vasitəsilə məlumatlandırma aparılıb. Sosial media kanallarında və rəsmi vebsaytda tez-tez verilən suallara cavablar yerləşdirilib.