“WSJ”nin mənbələrinə əsasən, söhbət “SpaceX”in həm astronavt daşıyan “Dragon” kapsulundan, həm də aşağı orbitdə yerləşən və internet təminatı üçün istifadə edilən “Starlink” peyklərindən gedir. Bu sahələrdə “SpaceX”in hegemon mövqeyi olduğu vurğulanır.
Qəzetin məlumatına görə, araşdırmalar davam edə bilər. Çünki federal müqavilələrin bəzilərinin davamlılığı Maskın Tramp administrasiyasına qarşı siyasi mövqeyi fonunda müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, İlon Mask bu ilin mayında Trampın dəstəklədiyi vergi endirimi qanun layihəsinə qarşı çıxaraq hökuməti tənqid etmiş və elə ertəsi gün “Amerika Partiyası”nı qurduğunu elan etmişdi. Bundan sonra Tramp da Maskın şirkətlərini – xüsusilə “SpaceX”i – müqavilə ləğvi ilə hədələyib.
Münaqişənin davam etdiyi günlərdə Mask, NASA ilə əməkdaşlıq çərçivəsində astronavtların Beynəlxalq Kosmik Stansiyaya daşınmasında istifadə olunan “Dragon” kapsulunun fəaliyyətini dayandıra biləcəyi ilə bağlı bəyanat verib. Bu açıqlama NASA rəhbərliyi arasında ciddi narahatlıq yaradıb.
Lakin daha sonra Mask bu təhdidin reallaşmayacağını və “SpaceX”in missiyalarına davam edəcəyini bildirib. Hazırda “SpaceX”, Mars missiyası üçün əsas texnoloji tərəfdaşlardan biri sayılır. Rəqib şirkətlər isə nə texnoloji keyfiyyət, nə də xərclər baxımından “SpaceX” səviyyəsində deyil.