Vaxt.Az

««Soros»un ucbatından ABŞ-a gedə bilmədik»


 

«Vətəndaş cəmiyyəti kasıbdır»

««Soros»un ucbatından ABŞ-a gedə bilmədik» Xəbər verdiyimiz kimi, bu gün ABŞ-ın Helsinki Komissiyası Azərbaycanla bağlı dinləmələrə başlayacaq. Azərbaycandan həmin dinləmələrdə vətəndaş cəmiyyətinin, siyasətçilərin iştirakı gözlənilmir. Müzakirələrə yalnız Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qatılacağı gözlənilir.


El Hərəkatının sədri Eldar Namazov və ReAl Hərəkatı İdarə Heyətinin üzvü Natiq Cəfərli «Yeni Müsavata» açıqlamalarında Azərbaycandan kiminsə həmin iclasa getməyi barədə məsələyə münasibət bildirib. Hər iki siyasətçi hesab edir ki, Helsinki Komissiyası növbədənkənar dinləmə keçirdiyi üçün Azərbaycandan kimisə dəvət etməyə ehtiyac duymayıblar.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva isə modern.az-a açıqlamasında məsələni maliyyə problemləri ilə əlaqələndirib. Onun sözlərinə görə, bu cür səfərlərin xərcini Soros Fondu üzərinə götürürdü. «Adətən, Azərbaycandan vətəndaş cəmiyyətinin həmin tip tədbirlərdə iştirak etməsi üçün Soros Fondu pul ayırırdı. Amma indi heç bir fond bu cür işlər üçün pul vermir. Öz pulu ilə də ABŞ-a getmək kiməsə sərf etmir. Vətəndaş cəmiyyəti kasıbdır. Azərbaycanda Soros Fondunun böyük bir hissəsi də bağlanıb», - deyə A. Abdullayeva bildirib.

Qeyd edək ki, dinləmələrdə Azərbaycandakı durum, ikitərəfli münasibətlərlə bağlı məruzələr olacaq. ABŞ dövlət katibinin müavinin iki köməkçisi - Tomas Melia (demokratiya və insan hüquqları) və Erik Rubin (Avropa işləri üzrə) çıxış edəcək. Dinləmələrdə həmçinin Milli Demokratiya Təşkilatının (MDİ) təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy və Corctaun Universitetindən Brenda Şafer fikir söyləyəcək.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq dinləmələri «Amerikanın səsi»nin veb səhifəsindən canlı izləmək mümkün olacaq.

 





11.06.2014    çap et  çap et