Vaxt.az xəbər verir ki, prezidentin sözlərinə görə, 25 dekabr 2023-cü ildə Bakından Qroznıya uçan və Aktau yaxınlığında Xəzər dənizinə düşən 8243 saylı reyslə bağlı “aydın və sübutlu məlumatlar” mövcuddur: “Bu təyyarənin Rusiya tərəfindən vurulduğunu bütün açıqlığı ilə deyə bilərik. Bunun qəsdən edildiyini söyləmirik, lakin edilib”, – deyə dövlət başçısı qeyd edib.
Hadisə nəticəsində 38 nəfər həyatını itirmişdi.
İlham Əliyev bildirib ki, hadisənin baş verməsindən yeddi ay keçməsinə baxmayaraq, Bakı Moskvadan hələ də tutarlı cavab almayıb: “Sadəcə “İstintaq davam edir” deyirlər. Bu isə tərs reaksiya doğurur. Biz artıq beynəlxalq hüquqi prosedurları başladırıq”.
Prezident əlavə edib ki, Baş prokurorun vasitəsilə Rusiya Təhqiqat Komitəsinə üç əsas tələb göndərilib:
Hadisənin məsuliyyətinin Rusiyanın üzərinə götürülməsi;
Təyyarənin vurulmasında iştirak edənlərin cəzalandırılması;
Həlak olanların ailələrinə və AZAL şirkətinə təzminat ödənilməsi.
Əliyev həmçinin 4 fevral 2024-cü ildə Azərbaycan hökuməti tərəfindən yayımlanan ilkin rəsmi hesabatı xatırladıb. Hesabatda AZAL təyyarəsinin Rusiyaya məxsus “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu göstərilmişdi. Məsələ ilə bağlı ilk təsdiqlər isə hadisədən bir gün sonra – 26 dekabrda, Azərbaycan hökumət mənbələrinin “Euronews”a verdiyi açıqlamada səsləndirilmişdi.
Prezident Azərbaycanın ədalət yolunda “on il də gözləməyə hazır olduğunu”, lakin bu məsələnin Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir etmədiyini vurğulayıb.