Vaxt.Az

Rusiya Çinə qızıl ixracını iki dəfə artırdı


 

Qərb birjalarından qovulan Moskvanın yeganə çıxışı Pekin bazarıdır

Rusiya Çinə qızıl ixracını iki dəfə artırdı Qızılın qiymətində ilin əvvəlindən bu yana müşahidə olunan kəskin artım, həm qlobal bazarlarda həyəcan yaradıb, həm də əsas istehsalçı ölkələrin ixrac strategiyalarına birbaşa təsir göstərib. 2025-ci ilin ilk altı ayında qiymətli metallara tələbat güclənib, xüsusilə də mərkəzi banklar və fond bazarı iştirakçıları tərəfindən böyük alımlar qeydə alınıb. Bu da qiymət artımının arxasında duran əsas amillərdən biridir.

Vaxt.az xəbər verir ki, qızıl qiymətlərinin təxminən 28 faiz yüksəlməsi fonunda Rusiya 2025-ci ilin ilk yarısında Çinə qızıl ixracını demək olar ki, iki dəfə artıraraq 1 milyard dollara çatdırıb. Bu rəqəmlər Çinin Gömrük İdarəsinə istinadən “Trade Data Monitor” tərəfindən yayımlanıb. Statistikaya görə, Rusiya mənşəli qiymətli metal filizi və konsentratların Çinə idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faiz artıb.

Dünyanın ən böyük ikinci qızıl istehsalçısı olan Rusiya, illik 300 tondan çox hasilatla qlobal bazarda mühüm paya malikdir. Lakin 2022-ci ildə Ukraynaya qarşı başlatdığı hərbi müdaxilədən sonra Moskva London və Nyu-York kimi əsas qızıl ticarət mərkəzlərindən kənarlaşdırılıb. Rusiya Mərkəzi Bankı da əvvəlki illərdəki kimi yüksək həcmli alışları davam etdirmədiyi üçün ölkənin iri istehsalçıları öz məhsullarını Çin bazarına yönəltməyə başlayıb.

Beləliklə, Çin faktiki olaraq Rusiya üçün əsas alternativ ixrac bazarına çevrilib. Analitiklər bu meyli həm də ABŞ dolları ətrafında formalaşan maliyyə sisteminə qarşı iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi kimi dəyərləndirirlər.

Qızıl ixracının artımı ilə yanaşı, Rusiyanın digər strateji metallar üzrə – xüsusilə paladium və platin – ixracında da kəskin yüksəliş müşahidə olunur. Dünyanın aparıcı nikel və paladium hasilatçısı olan “MMC Norilsk Nickel” bu il ərzində Çinə göndərişlərini əhəmiyyətli şəkildə artırıb. Təkcə bu iki metalın dünya qiymətləri də paralel olaraq paladiumda 59 faiz, nikeldə isə 38 faiz ciddi artım göstərib.

Hazırkı dinamika göstərir ki, Moskva Qərb maliyyə və ticarət sistemlərindən sıxışdırıldığı şəraitdə Asiya bazarlarına, xüsusilə də Çinə daha sıx inteqrasiya edir. Bu isə təkcə iqtisadi deyil, həm də siyasi strateji mahiyyət daşıyır.

 





21.07.2025    çap et  çap et