Vaxt.Az

Dubay şokoladında kif tapıldı


 

Almaniyada satılan “Picca” markasının məhsulu təhlükəsizlik səbəbindən geri çağırıldı

Dubay şokoladında kif tapıldı Avropada məşhur şokolad markasının məhsulu sağlamlıq riski daşıdığı üçün rəsmi şəkildə geri çağırılıb. Məlumata görə, məhsulun tərkibində insan orqanizmi üçün zərərli sayılan aflatoksin maddəsinin normadan artıq miqdarda olduğu aşkarlanıb.

Vaxt.az xəbər verir ki, geri çağırma qərarı Almaniyanın Kuzey Ren-Vestfaliya və Saksoniya-Anhalt federal torpaqlarında həyata keçirilib. Söhbət “Machado GmbH” şirkəti tərəfindən istehsal edilən “Picca Dubai Style Chocolate” adlı məhsuldan gedir. Müvafiq partiya üzrə son istifadə tarixi 18 sentyabr 2026 olaraq göstərilib.

İstehsalçı şirkətin yaydığı məlumata əsasən, məhsulda təhlükəli səviyyədə aflatoksin aşkarlanması şokoladın istehsalında istifadə edilən xammalda kif əmələ gəlməsi ilə əlaqəlidir. Bu səbəbdən vətəndaşlara həmin məhsulu istehlak etməmək tövsiyə olunub.

Almaniyada istehlakçı hüquqları çərçivəsində vətəndaşlar bu məhsulu istənilən Rewe mağazasına qəbz təqdim etmədən qaytara və ödənilmiş məbləği geri ala bilərlər.

Geri çağırılan məhsulla bağlı məlumatlar aşağıdakı kimidir:

Məhsulun adı: “Picca Dubai Style Chocolate”

Qablaşdırma: 100 qramlıq

Son istifadə tarixi: 18 sentyabr 2026

Partiya nömrəsi: 18092026

Barkod: 8692345530896

İstehsalçı: “Machado GmbH”

Satış əhatəsi: Kuzey Ren-Vestfaliya və Saksoniya-Anhalt federal torpaqları

Aflatoksinlər — bəzi kif növləri tərəfindən istehsal edilən və xüsusilə uzunmüddətli qəbulu zamanı qaraciyər zədələnməsi, xərçəng və immun sistemində ciddi problemlər yarada bilən toksik maddələrdir. Qida təhlükəsizliyi ilə bağlı Almaniya qanunvericiliyinə görə, bu maddələrin yüksək miqdarı qida məhsullarında aşkarlandıqda dərhal satışdan çıxarılmalıdır.

 





21.07.2025    çap et  çap et