MAD rəhbəri Martina Rozenberq Almaniya xəbər agentliyi DPA-ya verdiyi açıqlamada, “Casusluq və hibrid tədbirlər sahəsində halların kəskin artımından danışırıq. Fəaliyyətlər daha intensiv və daha aqressiv xarakter alıb”, – deyə qeyd edib.
Rozenberqin sözlərinə görə, Rusiya kəşfiyyat xidmətləri artıq Soyuq Müharibə dövründə olduğu kimi hərəkət edir və istifadə olunan casusluq alətləri də genişləndirilib: “Casusluğa qarşı ən yaxşı müdafiə – bu təhdidi ciddi qəbul etmək, siqnallara diqqətlə reaksiya vermək və aidiyyəti orqanları vaxtında məlumatlandırmaqdır”.
MAD-ın məlumatına əsasən, Rusiyanın Almaniyadakı casusluq cəhdləri bir il ərzində demək olar ki, ikiqat artıb. Rusiya agentlərinin üçüncü ölkələr vasitəsilə Almaniyaya daxil olmağa davam etdikləri bildirilir.
Almaniyanın Müdafiə Nazirliyinə tabe olan MAD qurumu, silahlı qüvvələrin qorunması, ekstremizmin qarşısının alınması, həmçinin hərbçilər və mülki işçilərin təhlükəsizlik yoxlamalarından məsuldur.
Moskva iyulun 18-də Almaniya ilə hərbi-texniki əməkdaşlıq müqaviləsindən geri çəkildiyini açıqlayıb.
NATO, Rusiyanın qarşıdakı beş il ərzində Avropaya hücum edə biləcəyindən narahatdır. Avropa ölkələri isə, Ukrayna müharibəsinin başlanmasından bəri mümkün bir hərbi qarşıdurmaya hazırlaşırlar.