Vaxt.Az

Səssiz təhdid iqtisadiyyatı sarsıdacaq


 

“Super bakteriyalar” 2050-yə qədər milyonlarla insanı öldürə bilər

Səssiz təhdid iqtisadiyyatı sarsıdacaq Alimlərin fikrincə, antibiotiklərə davamlı “super bakteriyalar”dan qaynaqlanan ölüm hallarının 60 faiz artacağı gözlənilir. Bu isə həm əmək bazarına, həm də qlobal iqtisadiyyata ciddi zərbə vura bilər.

Araşdırmalar göstərir ki, “super bakteriyalar” 2050-ci ilə qədər milyonlarla insanın ölümünə səbəb ola bilər və bu hal qlobal iqtisadiyyata təxminən 2 trilyon dollara başa gələ bilər.

“The Guardian” qəzetinin xəbərinə görə, Britaniya hökumətinin maliyyələşdirdiyi bir tədqiqat, əgər birgə hərəkət planı hazırlanmasa, antimikrob müqavimətinin (AMR) artmasının qarşıdakı 25 ildə dünyada illik 1,7 trilyon dollarlıq ÜDM itkisinə səbəb ola biləcəyini ortaya qoyur.

 

60 faiz artım gözlənilir

 

Səhiyyə Ölçmələri və Qiymətləndirmə İnstitutuna (IHME) görə, AMR-dən qaynaqlanan ölüm hallarının 2050-ci ilə qədər 60 faiz artacağı ehtimal olunur. Yalnız ABŞ-da hər il 1,34 milyon, Böyük britaniyada isə 184 min nəfərin antibiotiklərə davamlı bakteriyalar səbəbindən həyatını itirəcəyi proqnozlaşdırılır. Həmçinin, bu bakteriyalara yoluxan və ağır xəstələnənlərin sayında da ciddi artım gözlənilir.

“Super bakteriyalar” xəstəxanaya yerləşdirilənlərin sayını artırmaqla yanaşı, daha uzunmüddətli və intensiv müalicələrə, bahalı ikinci səviyyə müdaxilələrə və çətin tibbi prosedurlara səbəb olur. Bu isə belə infeksiyaların müalicəsinin, antibiotiklərin hələ də effektiv olduğu hallar ilə müqayisədə təxminən iki dəfə daha baha başa gəldiyi anlamına gəlir.

 

Ən çox hansı ölkələr təsirlənəcək?

 

Tədqiqat nəticəsində müəyyən olunub ki, AMR-in müalicəsi qlobal səhiyyə xərclərini illik 176 milyard dollara qədər artıra bilər. Böyük Britaniyada bu xərclər 900 milyon dollardan 3,7 milyard dollara, ABŞ-da isə 15,5 milyard dollardan 57 milyard dollara yüksələcək.

“Global Development Center” (Qlobal İnkişaf Mərkəzi) adlı beyin mərkəzinin tədqiqatı göstərir ki, ABŞ, Böyük Britaniya və AB ölkələri bu vəziyyətdən ən çox təsirlənəcək bölgələr arasında yer alacaq. Eyni zamanda, son illərdə həyata keçirilən böyük yardım kəsintiləri, bu ölkələrin “öz özünü zərbə altına qoyduqları” ilə bağlı tənqidlərə yol açıb.

 

“Ən uğurlu ölkələr belə risk altındadır”

 

Tədqiqatın əsas müəllifi və Qlobal İnkişaf Mərkəzində siyasət üzrə mütəxəssis olan Entoni MakDonnell bildirib ki, AMR səviyyələrinə nəzarətdə uğurlu olan ölkələr belə ehtiyatı əldən verməməlidir. Onun sözlərinə görə, bu proqramlar maliyyə kəsintilərindən qorunmadıqca, dünya üzrə müqavimət səviyyəsi ən çox zərər görən ölkələrdəki artım nisbətinə paralel olaraq yüksələcək: “Bu hal G7 ölkələri daxil olmaqla, dünya üzrə milyonlarla insanın ölümünə səbəb olacaq. Bakterial infeksiyaların müalicəsinə bu gün sərmayə qoymaq, həm insan həyatı xilas edəcək, həm də uzunmüddətli dövrdə milyardlarla dollar iqtisadi gəlir gətirəcək”.

 

Əmək bazarı da kiçiləcək

 

Tədqiqat, 122 ölkə üzrə antibiotik müqavimətinin iqtisadi və sağlamlıq yükünü hesablayıb. Ən pis ssenariyə görə:

Çin ildə 722 milyard dollardan bir qədər az ÜDM itkisinə məruz qala bilər,

ABŞ – 295,7 milyard dollar,

Avropa Birliyi – 187 milyard dollar,

Yaponiya – 65,7 milyard dollar,

Böyük Britaniya – 58,6 milyard dollar.

Eyni zamanda, yüksək müqavimətli bakteriyaların yayılması, Böyük Britaniya, Aİ və ABŞ-da əmək qüvvəsini müvafiq olaraq 0,8, 0,6 və 0,4 faiz azalda bilər.

Lakin ölkələr “super bakteriyalar”la mübarizəyə daha çox sərmayə qoyarsa, yəni yeni antibiotiklərə çıxışı artırar və yüksək keyfiyyətli müalicələri genişləndirərlərsə, 2050-ci ilə qədər ABŞ iqtisadiyyatı illik 156,2 milyard dollar, Böyük Britaniya isə 12 milyard dollar artıra bilər.

 





21.07.2025    çap et  çap et