“AnewZ” telekanalının aparıcısı Keyti Uilsonun (Katie Wilson) moderatorluğu ilə keçirilən görüşdə süni intellektin informasiya istehsalına təsiri, media məzmununun avtomatlaşdırılması və bu şəraitdə ictimai maraqların qorunması kimi aktual mövzulara toxunulub. Keyti Uilson qeyd edib ki, əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir.
Müzakirənin spikeri qismində çıxış edən “Euronews”un baş icraçı direktoru Klauz Struntz yeni texnologiyaların jurnalistikanın gələcəyinə təsiri, dezinformasiyanın yayılması riski və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüb. O, süni intellektin təqdim etdiyi imkanlarla yanaşı, onun doğura biləcəyi etik və hüquqi məsələlərin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
Paneldə həmçinin jurnalistika peşəsinin gələcək inkişafı, ictimai etimadın qorunması və media savadlılığının artırılması baxımından beynəlxalq təcrübələr və əməkdaşlıq imkanları müzakirə olunub.