Vaxt.az-ın “Reuters”ə istinadla yaydığı məlumata görə, Kreml sözçüsü Dmitri Peskov, İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı keçiriləcək anım tədbirlərinə qatılmaq üçün Putinin Çinə səfər edəcəyini təsdiqləyib. Lakin o, Trampın da bu tədbirlərə qatılmağı planlaşdırıb-planlaşdırmadığı barədə məlumatlarının olmadığını bildirib.
Peskov, hər iki liderin görüşə biləcəyi, yaxud Çin lideri ilə üçtərəfli danışıqların mümkün olub-olmayacağı barədə suala cavabında, “Pekin səfərinə hazırlaşdığımızı bilirsiniz və prezidentimiz də bu səfərə hazırlaşır… Lakin Trampın ora gedəcəyini hələ eşitməmişik. Əgər o da səfər edərsə, əlbəttə, görüş imkanını istisna etmirik”, – deyib.
“Times” qəzeti ötən həftə yazmışdı ki, Çin rəhbərliyi Tramp və Putin arasında zirvə görüşü üçün hazırlıqlar aparır. Bildirilir ki, Tramp yanvarda Ağ Evə qayıtdıqdan sonra iki lider azı altı dəfə əlaqə saxlayıb. Kreml üzbəüz görüşü dəstəklədiyini, lakin bunun baş verməsi üçün ciddi hazırlıq lazım olduğunu vurğulayıb.
Tramp isə bu ayın əvvəlində bəyan etmişdi ki, Ukraynadakı müharibənin sona çatması istiqamətində irəliləyişin olmaması onu Putinə qarşı məyus edib: “Biz Putindən çoxlu boş söz eşidirik”.
Keçən həftə isə Tramp açıqlamışdı ki, əgər Moskva sentyabrın əvvəlinə qədər sülh razılaşmasını qəbul etməzsə, o zaman Rusiya ilə ticarət edən ölkələrə qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu müddət Çində müharibənin bitməsi münasibətilə keçiriləcək tədbirlərlə üst-üstə düşür.