Vaxt.Az

Putinin dirijor dostunun İtaliyadakı konserti ləğv olundu


 

Navalnayanın təzyiqi nəticə verdi

Putinin dirijor dostunun İtaliyadakı konserti ləğv olundu İtaliyanın Kampaniya bölgəsində, Neapol yaxınlığında yerləşən Kral Sarayı – “Reggia di Caserta” tərəfindən təşkil olunan “Bir kralın yayı” adlı klassik musiqi festivalında Rusiyanın tanınmış dirijoru Valeri Gergiyevin çıxışı ləğv edilib. Gergiyev Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.

Konsertin ləğvi qərarı, Rusiya müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və İtaliyadakı ukraynalı təşkilatların təzyiqlərindən sonra verilib. Navalnaya “X” sosial platformasında belə yazıb: “Bu, yaxşı xəbərdir. Rusiya diktaturasını dəstəkləyən heç bir sənətçi Avropada qəbul edilməməlidir. Putin Qərbdə məqbul görünüşünü məhz Gergiyev kimi rejim tərəfdarlarına borcludur”.

İtaliya Mədəniyyət naziri Alesandro Culiy də əvvəlcədən Gergiyevin festivalda iştirakına qarşı çıxmış və bu iştirakın Rusiya təbliğatına xidmət etdiyini bildirmişdi. Konsertin rəsmi şəkildə ləğvindən sonra nazir, ““Reggia di Caserta” rəhbərliyinin qəbul etdiyi qərarı tam və ürəkdən dəstəkləyirəm. Bu, sağlam düşüncə və mənəvi məsuliyyətin nümunəsidir”, – deyib.

Avropa Parlamentinin sədr müavini Pina Pikerna da qərarı alqışlayaraq “X” platformasında paylaşım edib: “Biz danışdıq, mübarizə apardıq, inandıq və qalib gəldik! Kampaniya artıq Putinin bir elçisini qəbul etməyəcək”.

İtaliyadakı Ukrayna Xristianlar Assosiasiyası isə açıqlamasında bu addımı “Kremlin cinayətkar siyasətlərinə qarşı sağlam düşüncənin və insani dəyərlərin zəfəri” adlandırıb. Təşkilat nümayəndələri hətta konsertdə etiraz etmək üçün ön sıradan bilet almışdı.

Kampaniya bölgəsinin valisi Vinçenzo De Luka konserin ləğvi barədə hələlik rəsmi açıqlama verməsə də, daha əvvəl bu qərarı çaşqınlıq doğuran və ifadə azadlığı ilə Kreml propagandası arasındakı sərhədin harada bitdiyini sorğulayan bir hadisə kimi qiymətləndirmişdi. De Luka, beynəlxalq çağırışlara baxmayaraq, konserti ləğv etmək istəmədiyini də açıq şəkildə bildirmişdi.

Konsertin ləğvi istiqamətində təzyiqlər yalnız yerli və Avropa siyasətçiləri ilə bitməyib. Bir çox Nobel mükafatı laureatları, Ursula von der Leyen İtalyan mədəniyyət orqanlarına və bilavasitə De Lukaya məktublar göndərərək Valeri Gergiyevin festivala qatılmasına etiraz ediblər. Həmçinin, bu məsələ ilə bağlı başladılan onlayn imza kampaniyasında 16 min nəfərdən çox insan etirazını ifadə edib.

 

Romanovskinin də çıxışı təhdid altındadır

 

İtaliya mətbuatı indi oxşar mübahisənin Bolonya şəhərinə yayıldığını yazır. Burada 5 avqustda CUBO yaz festivalı çərçivəsində Ukrayna mənşəli, lakin İtaliya vətəndaşı olan pianoçu Aleksandr Romanovskinin çıxışı planlaşdırılır.

Romanovski Rusiya ordusunun dağıtdığı Mariupol teatrının xarabalıqları üzərində çalarkən lentə alınmış görüntüləri ilə tanınmışdı. Jurnalist Marko Setaççoli onun konsertinin də ləğv olunmasını tələb edir və Romanovskinin Rusiya dövlət kanallarında görünməsini Kremlin təbliğat maşınına könüllü dəstək kimi dəyərləndirir.

Qeyd edək ki, Romanovskinin bu il yanvarda Romadakı “La Sapienza” Universitetində verməli olduğu konsert də Ukrayna tərəfdarlarının təzyiqi ilə ləğv olunmuşdu.

 





21.07.2025    çap et  çap et