Bir dəfə yay tətilində mənə 7-8 kitabı götürdüm, çoxu Çestertonun əsərləri idi. Onun detektiv janrındakı hekayələrinin əsas qəhrəmanı Keşiş Braundur. Konan Doyl, Jorj Simenon, Aqata Kristi və Edqar Ponin qəhrəmanlarındandan sonra Çestertonun keşiş-detektivi məni nəsə açmırdı. Ancaq oxuyurdum.
Doğrudur, Braun Ata bir Oqyüst Düpen deyildi, Erkül Puaro heç deyildi, Şerlok Holmsun isə yanından belə keçə bilməzdi. Buna rəğmən Gilbert Çesterton fərqli idi, oxuduqca məftun olurdum yazı tərzinə. Baxmayaraq ki, katolik keşişin xəfiyyəçilik etməsi nəsə qəribə gəlirdi mənim macəraçı ruhuma.
İndi oxusam Çestertona bir könüldən min könülə bənd olardım.
Onun 20-ci əsrin ingilis ədəbiyyatı və fəlsəfəsinin ən görkəmli simalarından biri olduğunu gənckən bilmir, yazıçının paradoksal mühakimələrini sonralar öyrəndim, onun yazıçı, şair, filosof, jurnalist, esse ustası, sənətşünas kimi özündən sonra nəhəng bir irs qoyduğundan bixəbərdim…
Çesterton ingilis zəkası ilə polemik üslubunu birləşdirərək dövrünün ən güclü debat uzmanı olmuş, müasirləri arasında paxıllıq və heyranlıq oyatmışdı. Hətta Bernard Şou belə onun istedadına qibtə edib, qısqanırmış.
Gilbert Çesterton bir detektiv ustasından daha böyük bir mütəfəkkir və intellectualdı.
Onu dövrümüzün detektiv yazarları ilə müqayisə edəndə aradakı fərqin, səviyyənin, zəka və ənginliyin nə qədər dərin olduğunu ilk baxışdan anlayırsan…
Mətbuat günündə Çesterton düşdü yadıma.
Həm də onun məşhur bir ifadəsi ilə.
Görkəmli ingilis yazarı 1909-da çıxmış “Tremendous Trifles” (“Heyrətamiz xırdalıqlar” kimi tərcümə etdim) adlı məqalələr toplusunun giriş bölümündə belə yazır:
“Dünya möcüzələr qıtlığından deyil, təəccüb edə bilməməkdən əziyyət çəkəcək”.
Çesterona görə Dünya kifayət qədər möcüzələrə, gözəlliklərə, heyrətverici hadisələrlə doludur, ancaq problem onları görüb təəccüblənmək bacarığının azalmasıdır. Başqa sözlə, insanoğlu təəccüb edə bilməməkdən əziyyət çəkəcək. Biz hər zaman davamlılığı olan şeylərə təəccüb etməyə çalışmalıyıq, nadir istisnalara deyil. Günəş tutulmasına deyil, Günəşin özünə heyran olmalıyıq; iz zəlzələdən az, Yer üzünə isə daha çox təəccüblənməliyik. Möcüzələri görmə bacarığımız itdikcə dünya möcüzəli olsa da biz yenə də “ac” qalacağıq.
Uşaqlığımızda hər şey möcüzə idi. O dövrlər sadəcə möcüzələrlə dolu bir dünya deyildi. O, gözəl bir dünya idi…
Mətbuat günündə Çesterton düşdü yadıma.
Təəccüblənmədiyimiz mətbuatımız da…