Vaxt.az xəbər verir ki, Hazırda “Brent” markalı neft 0,35 faiz azalaraq bir barel üçün 68,97 dollar, “WTI” (ABŞ xam nefti) isə 0,31 faiz geriləmə ilə 66,99 dollar səviyyəsində ticarət olunur.
Azərbaycan nefti 78 dollara yaxınlaşıb
Azərbaycanın “Azeri Light” markalı xam nefti isə 1.32 dollar və ya 1.72 faiz bahalaşıb və hazırda bir barel üçün 77,97 dollardan satılır. Yüksək keyfiyyətli və az kükürdlü olması səbəbindən “Azəri Light” bazarlarda premium qiymət intervalında qərarlaşır. Lakin qlobal psixoloji gərginlik, ticarət müharibələri və təklif tərəfli təzyiqlər Bakı üçün də gəlirləri dəyişə biləcək risklər yaradır.
İsrail-İran gərginliyi sonrası bazarda yönsüzlük
24 iyun tarixində İsrail ilə İran arasında yaşanan qarşıdurmanın başa çatması, bazarda gözlənilən təchizat kəsintisi qorxularını aradan qaldırıb. Bu hadisədən sonra neft qiymətləri ani sıçrayış etmədən, məhdud aralıqda dəyişməyə başlayıb.
Belə ki, “Brent” markalı neft həmin tarixdən bu yana təxminən 65 dollardan 70,19 dollara qədər, “WTI” (ABŞ xam nefti) isə 63,80 – 69,45 dollar aralığında dalğalanıb.
Analitiklər bunu bazarın yeni istiqamət müəyyən edə bilməməsi, yəni həm geosiyasi təzyiqlərin zəifləməsi, həm də tələb tərəfli risklərin balanslaşması kimi qiymətləndirirlər.
Azərbaycanın büdcə mövqeyi hələ ki rahatdır
Hazırkı neft qiyməti Azərbaycan dövlət büdcəsində nəzərdə tutulmuş ortalama proqnoz göstəricisindən (təxminən 60–65 dollar) yuxarıdır. Bu isə SOCAR və Dövlət Neft Fondu (ARDNF) üçün stabil gəlir şəraitini qoruyur. Lakin qlobal tarif siyasətləri, ABŞ-Çin münasibətləri, OPEC+ qərarları və istehlakçı ölkələrin tələb səviyyəsi gələcək aylarda Bakı üçün riskləri artıran əsas faktorlar kimi qalır.