Vaxt.Az

İndoneziyada turist cinayətləri artıb


 

Bali adası cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə bilər

İndoneziyada turist cinayətləri artıb İndoneziyanın Bali adasında pandemiyadan sonra gələn turistlərin “keyfiyyəti” aşağı düşüb. Daha çox rəqəmsal köçərilər və az büdcəli turistlərin adaya üz tutması infrastruktur üzərində təzyiq yaradır və bu da cinayət hadisələrinin çoxalmasına gətirib çıxarır.

“Vaxt.az” xəbər verir ki, keçən il 226 xarici turistin cinayətə qarışdığı qeyd olunur ki, bu da 2023-cü ilə nisbətən 16 faiz artımdır. Cinayətlər arasında kibercinayətlər, narkotik, zorakılıq və torpaq dələduzluğu kimi hallara rast gəlinir.

Son vaxtlar Melburndan olan 32 yaşlı Avstraliyalı Zivan Radmanoviçin villada öldürülməsi gündəmdədir. Polis bildirir ki, hadisəni törədənlər arasında iki Avstraliyalı və onlara kömək edən başqa birisi var. Onlara qarşı cinayət işi açılıb, təqsirləri sübuta yetərsə ölüm cəzası ala bilərlər.

Bali sakinləri və siyasətçiləri vəziyyətdən narahatdır. Golkar Partiyasından Aqunq Baqus Pratiksa Linqqi adaya gələn turistlərin keyfiyyətinin aşağı düşməsini, bunun əsas səbəbi kimi qanunsuz pansiyonların artmasını göstərir.

Munqqu kəndinin bələdiyyə sədri Ketut Darta bu il kənddə 400 yeni villanın tikildiyini və əksərinin xaricilərə məxsus olduğunu bildirir. Sədr inşaatların kənddəki kənd təsərrüfatı torpaqlarını məhv etdiyini vurğulayır.

İndoneziya Universitetindən kriminoloq Adrianus Meliala isə demoqrafik dəyişikliklərin, uzun müddətli xarici sakinlərin və bəzilərinin öz cinayət şəbəkələrini gətirməsinin vəziyyəti pisləşdirə biləcəyi barədə xəbərdarlıq edir. Həmçinin, hüquq-mühafizə orqanlarının məhdud resursları səbəbindən hadisələrə müdaxilədə çətinlik çəkdiyini və Balinin cinayət qrupları üçün cazibə mərkəzinə çevrilə biləcəyini bildirir.

 





22.07.2025    çap et  çap et