Bayramov çıxışı zamanı Ermənistanla davam edən sülh prosesinə toxunaraq, bu yöndə müsbət perspektivin olduğunu bildirib. O qeyd edib ki, prosesin davam etdirilməsi Azərbaycan üçün real yanaşmadır, lakin bu yolda müəyyən addımların atılması vacibdir və indiyə qədər Ermənistan bu addımları atmır. Nazir əlavə edib ki, daimi sülh sazişinə nail olmaq üçün Ermənistanın konstitusiyasından Azərbaycana yönəlik ərazi iddialarının referendum yolu ilə çıxarılması və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi zəruridir.
Bayramov həmçinin qeyd edib ki, müharibədən sonrakı dövrün normallaşması proses tələb edir və bu, bir gündə başa çatan məsələ deyil. Bu proses çərçivəsində cəmiyyətlər arasında etimad yaradacaq tədbirlərin planlanması və həyata keçirilməsi, bu istiqamətdə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Boçorişvili isə bölgədə sülh təşəbbüslərinə dəstək verdiklərini vurğulayaraq, sülh sazişi istiqamətində atılan addımları məmnuniyyətlə qarşıladıqlarını bildirib. O qeyd edib ki, Gürcüstan olaraq regionda daimi sülhün təmin olunmasına səmimi şəkildə töhfə vermək istəyirlər.
Nazir əlavə edib ki, 17 aprel tarixində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazir müavinlərinin üçtərəfli görüşünə ev sahibliyi edib. Boçorişvili bu cür üçtərəfli əməkdaşlıqların inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və ölkələr arasında əməkdaşlığın gündən-günə daha da əhəmiyyət qazandığını bildirib.
Boçorişvili həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq mexanizminə xüsusi diqqət ayırdıqlarını qeyd edib. O bildirib: “Bu üçtərəfli format bizim üçün olduqca dəyərlidir. Gürcüstan olaraq bu əməkdaşlığın gücləndirilməsinə böyük önəm veririk”.