Vaxt.az xəbər verir ki, hadisə iki gün əvvəl baş verib. “Aeromexico” aviaşirkətinə məxsus təyyarə eniş etməyə çalışarkən, “Delta Airlines” şirkətinin təyyarəsi ilə eyni uçuş zolağında toqquşmaq təhlükəsi yaranıb. Məlumata əsasən, “Aeromexico”nun 1631 saylı reysi, Mexiko-Sitidəki “Benito Xuares” Beynəlxalq Hava Limanında “Delta”nın 590 saylı reysinin üzərindən uçub, daha sonra eyni zolağa eniş edib.
Delta təyyarəsi saatda 95 km sürətlə hərəkətdə idi
“Delta Airlines” verdiyi açıqlamada, Atlanta istiqamətinə 150 sərnişinlə qalxmağa hazırlaşan təyyarənin pilotlarının qarşılarına eniş edən başqa bir təyyarəni gördüyünü və dərhal qalxışdan imtina etdiklərini bildirib.
Hava nəzarətçiləri ilə radio əlaqə yazılarında Delta pilotunun “Biz zolaqdayıq” dediyi, ardınca isə başqa bir şəxsin ispan dilində “Aman Allah, inanılmaz!” sözləri eşidilib. Bu ifadəni pilotun, yoxsa dispetçerin söylədiyi hələ də aydın deyil.
“Delta” təyyarəsinin digər təyyarəni görərək dayanmadan öncə saatda 95 kilometrə qədər sürət yığdığı qeyd olunur. Hadisədən sonra təyyarə yavaşlayıb, daha sonra yenidən havaya qalxıb.
“Paralel iki zolaq var”
Keçmiş hərbi pilot və “ABC News” şərhçisi Stiv Ganyard bildirib ki, Mexiko-Sitidə paralel yerləşən iki uçuş zolağı var. Onun sözlərinə görə, dispetçerin “Aeromexico” təyyarəsinə hansı zolağa enməyi dediyi məlum deyil və ehtimal ki, qalxış və eniş üçün eyni anda icazə verildiyini anlamayıb.
“Aeromexico” aviaşirkəti də məsələ ilə bağlı açıqlama yayaraq, hadisənin detallı araşdırılması üçün hakimiyyətlə sıx əməkdaşlıq etdiklərini bildirib.
Araşdırmalar davam edir. Hava nəqliyyatı üzrə mütəxəssislər hadisənin kommunikasiya xətası nəticəsində baş verib-vermədiyini qiymətləndirirlər.