Media mənadan uzaqlaşdıqca cəmiyyət də mənasızlaşdı. Hər şeyin məna, məzmun deyil, informasiya olduğu fikri siyasi deyil, iqtisadi maraqlara xidmət edirdi.Hər şeyi informasiyaya çevirmək, görünən, əlçatan etmək hər şeyi piştaxtaya məhkum etmək üçün lazım idi.
Piştaxtaya qoyulan hər şey isə – qaranlıq inanclarımızdan tutmuş çılpaq bədənlərimizə qədər – müştəri üçündür. Satılıqdır, bazar dəyəri var.Qlobal bazarkomlar ən birinci medianı məna örtüyündən soyundurdular.
İnformasiya mediası lüt, çılpaq mediadır.
Neoliberal rejimin tələsinə düşüb çılpaq şəkillərini rahat paylaşmaq, sponsorlu həyat yaşamaq üçün ərindən boşanan “dingil” qadınlar kimi informasiya mediası da ona məna qazandıran müəlliflərini boşadı.
Klassik medianı yaradanların heç biri jurnalist deyildi, hamısı müəllif idi. Bu gün biz Zərdabiyə üz tuturuqsa, informasiyaya deyil, mənaya üz tuturuq, məzmunu yad edirik.
Dünən ona görə yazmışdım ki, bizdən 150 il sonraya hansı məna, məzmun miras qalacaq?
Bəs bu günün müəlliflərinin yeri haradır? Sosial şəbəkələrmi? Qətiyyən. Sosial şəbəkələr folklorik mühitdir və bazarın xidmətindədir.
Müəllifin yeri yazılı tarixin heç bir dövründə ona xəyanət etməyən kitab vərəqlərinin arasındadır.
Müəlliflər özləri də informasiya mediasıyla kitaba xəyanət etməməlidir. Onsuz da, informasiya mediasıyla cükküldəşəndən sonra ağlı başına gələn müəllif gec-tez ona sədaqətli olanın yanına qayıdacaq – KİTABA!