«Ulduz» jurnalına isə baş redaktor şair Qulu Ağsəs təyin edilib. Bu dəyişiklik artıq müəyyən nəticələrə gətirib çıxarmaqdadır. Artıq qəzet tərtibatına və məzmununa görə xeyli dəyişib, yeni imzalar, ədəbi mühitdəki polemikalara dair yazılar indi «Ədəbiyyat» qəzetinin səhifələrində tez-tez görünür. Elçin Hüseynbəylinin reaktor təyin edildiyi iki ayda redaksiyada da təmir işləri aparılıb, qəzetin əməkdaşlarının fəaliyyəti üçün normal şərait yaradılıb.
«Ədəbiyyat» qəzetinin baş redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli «Həftə içi»nə müsahibəsində məhz bu dəyişikliklərdən danışıb:
- Açıq şəkildə deyim ki, indiyədək AYB-nin bir neçə nüfuzlu mətbu orqanı olsa da, onların içərisində «Ulduz» jurnalı həmişə seçilib. Bu jurnal öz populyarlığını, ənənəsini bu gün də qoruyub, saxlayıb. Sevinirəm ki, məndən sonra «Ulduz» jurnalına Qulu Ağsəs redaktorluq edir. Bu gün «Ulduz» jurnalı daha gözəl, hətta mən rəhbərlik etdiyimdən də fərqli çıxır. Çünki Qulu əsl redaktordur, istedadlı şairdir, jurnalistikanı da çox gözəl bilir. Biz «Ulduz» jurnalında ən çox istedadlı gənclərə yer vermişik, əsl yazarların şeirlərini çap eləməyə çalışmışıq. Bu gün «Ulduz» jurnalında gənclərə sərbəstlik verilib. Biz həmişə «Ulduz»un ənənəsini qoruyub, saxlamışıq. İndinin özündə də «Ulduz» jurnalı digər mətbu orqanlarından öz yeniliyi, yeni-yeni layihəsi ilə seçilir.
- Necə oldu ki, «Ədəbiyyat» qəzetinə baş redaktor təyin olundunuz? Məgər sizin üçün «Ulduz» jurnalı əhəmiyyət kəsb eləmirdi?
- Düşünürdüm ki, «Ulduz» jurnalına gənc adam redaktor olmalıydı. Ona görə ki, bu jurnalda gənclərimizə daha çox üstünlük verilir. Mən bu fürsətdən istifadə etdim. Ayaz Vəfalı «Ədəbiyyat» qəzetindən getdi. Anar müəllim məsləhət bildi ki, «Ədəbiyyat» qəzetinə baş redaktor olum, mən də etiraz etmədim və katiblik məni qəzetə baş redaktor təyin etdi. Qəzetə yenilik gətirmişəm. Belə ki, qəzet dizaynı məzmunu tamamilə dəyişib. Yeni müəlliflər yazmağa başlayıb. «Ədəbiyyat» qəzetindən kənar düşmüş söz adamları artıq bu qəzetdə yazmağa başlayıb. Qəzet və jurnal baş redaktorun siması olsa da, bu, kollektivin məhsuludur. Qəzet çap olunmazdan əvvəl hər həftənin önündə planlaşdırma aparırıq, nömrəyə hansı material gedəcəksə, əvvəlcədən onu müəyyənləşdiririk.
- Sizə qədər «Ədəbiyyat» qəzetində siyasi yazılara daha çox üstünlük verilirdi. Qəzet sanki siyasiləşdirilmişdi. Sizcə, niyə?
- Axı «Ədəbiyyat» siyasi qəzet deyil. Keçmişdə siyasi xronikaya, xüsusən də köhnəlmiş xronikalara geniş yer verərdilər. Siyasi xronikanı icmal şəklində qəzetin üslubunda vermək lazımdır. Bu istiqamətdə işimizi davam etdiririk. Biz «Ədəbiyyat» qəzetində sırf ədəbiyyatla, yaradıcılıqla bağlı yazılara daha çox üstünlük veririk.
- Bəs qəzetin tirajı nə qədərdir, mövcud tiraj oxucu kütləsinə kifayət edirmi?
- Qəzet hələlik 1000 tirajla çap olunur. Qəzetin tirajının artırılmasına çalışacağıq, amma ilk öncə onun internet saytına daha çox fikir verəcəyik. Çünki əsrimiz internet, kompüter əsridir. Artıq oxucular elektron informasiyaya daha çox üstünlük verirlər. Elektron informasiya ilə qəzet bütün dünyaya yayımlanır, pəncərəsi bəşəriyyətin üzünə sərbəst açıla bilir.
- Yazıçı kimi özünüz AYB-nin növbəti qurultayından hansı yenilikləri gözləyirsiniz?
- Biz yenə də Anar Rzayevi dəstəkləyəcəyik. Yəni keçirilən qurultayda ona səs verəcəyik. Onu da deyim ki, ədəbi mühitə və AYB-ə birbaşa aidiyyəti olan dəyişikliklər qurultayadək reallaşıb. Yəni gözlənilən yeniliklər gedib, kadr islahatları qurultaydan qabaq aparılıb.