Vaxt.Az

Səviyyə fərqiylə qələbə


 

“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi

Səviyyə fərqiylə qələbə “Qarabağ” İrlandiya səfərindən turu həll edərək qayıdır. Fəlakət, fors-major, möcüzə baş verməsə, Ağdam təmsilçisi ardıcıl 12-ci dəfə avrokubokların qrup (hazırda liqa) mərhələsini təmin edəcək. Hələ ki, Konfrans liqasının, daha yaxşısı da ola bilər.

Oyundan əvvəl yazdıqlarımız düz çıxdı. İrlandiya təmsilçisi sürətli, atletik, çevik komandadır, ancaq oyunçularının keyfiyyəti “Qarabağ”la müqayisədə çox aşağıdır. Buna da şahidlik etdik. Belələrinin maksimumu elə 2-ci mərhələdir.

Oyunun özünə gəlincə, Yankoviçin yoxluğu aşkar göründü. Bu itki həm müdafiə, həm də hücum potensialımızı zəiflətdi. Onsuz da irəlidə seçimimiz azdı, orda variativliyə ümid etmirik. Üstəlik də, Kadi dayaqda oynadı ki, bu da işin yaradıcılıq tərəfini axsatdı. Addai çalışqan olsa da, Borgesin məhsuldarlığına (2-ci qolumuzda azacıq boşluq əldə edən kimi asisti təmin etdi) yaxın düşə bilməz. Nəticədə rəqib müdafiəsinin mərkəzi nisbətən rahat oynadı.

Əvəzində bizim müdafiənin ortasında çətinlik vardı. Fərdi səhvləri də bura əlavə etməliyik. Rəqib “Şelburn” yox, daha yaxşı komanda olsaydı, fasiləyə məğlub yollanacağımız şübhəsiz idi.

İkinci hissədə meydan sahibləri bizi qapımıza sıxmağa, təxminən 30 dəqiqə ərzində heç nə edə bilməməyə məcbur etdi. Təlim-məşq toplanışını təzə bitirən “Qarabağ”ın hazırda davam edən ölkə çempionatında oynayan, iki də ÇL matçı keçirmiş rəqibindən forma baxımından bir qədər geridə qalmasını normal qiymətləndirmək olar. Həm də buna öyrəşmişik. “Qarabağ” həmişə belə başlayır, avqustun ortaları, bəzən sonuna yaxın daha yaxşı təsir bağışlayır.

Ümumilikdə, yaxşı, haqq edilmiş və vacib qələbədir. Sezona yaxşı başlamaq, psixoloji üstünlük əldə etmək vacib idi.

Bir də hakimlik haqda. Oyunu aşağı səviyyədə idarə etdi. Sərt futbola imkan vermə adıyla Zubirin mütəmadi, əməlli-başlı təpiklənməsinə göz yumdu, azı 3-4 sarı vərəqəni vermədi.

 





24.07.2025    çap et  çap et