“Global Times” qəzetinin xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirilən gündəlik mətbuat konfransında Tayland və Kamboca arasındakı mübahisəli sərhəddə baş vermiş toqquşmaya dair açıqlamalar verib.
Quo, toqquşmadan ciddi narahat olduqlarını bildirərək tərəflərin bu problemi dialoq və məsləhətləşmə yolu ilə həll etmələrinə ümid etdiklərini ifadə edib.
Tayland və Kambocanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) önəmli üzvləri olduğunu deyən Quo, dost qonşuluq münasibətləri qurmağın və münaqişələri uyğun yollarla həll etməyin hər iki ölkənin xeyrinə olduğunu vurğulayıb.
Quo qeyd edib ki, Çin tərəflər arasında gərginliyin azaldılması üçün neytrallıq prinsipi çərçivəsində konstruktiv rol oynamağa hazırdır.
Səhər saatlarında Tayland-Kamboca sərhəd xəttində baş verən toqquşmada Tayland tərəfdə 9 mülki şəxs həyatını itirib, 14 nəfər isə yaralanıb.
Tayland, atəşi ilk olaraq Kambocanın açdığını iddia edərkən, Kamboca isə əksinə, ilk atəşin Tayland tərəfindən açıldığını bildirib.
Tayland ilə Kamboca arasındakı sərhəd gərginliyi
Cənub-Şərqi Asiya bölgəsində yerləşən Tayland ilə Kamboca arasında 817 kilometrlik sərhəd xətti var və bu xətt uzun illərdir torpaq mübahisələrinin səbəbidir.
Tayland ilə Kamboca arasında sərhəd sazişinin pozulmasından sonra 28 may tarixində bölgədə qısa müddətli silahlı toqquşma yaşanmış, hər iki ölkənin ordusu problemin sülh yolu ilə həllinə razılaşmışdı.
Tayland, Kamboca ilə sərhəddəki bütün nəzarət məntəqələrinin rəsmi olaraq Banqkok hökumətinin nəzarətində olacağını açıqlamışdı.
Kamboca Baş naziri Hun Manet isə ölkəsinin Tayland ilə sərhəd problemlərinin həlli üçün Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) müraciət etdiyini bildirmişdi.