“Zirə” birinci yarını əla keçirdi. Qonaqların heç nə ilə yadda qalmadığı 45 dəqiqədə meydan sahibləri dəqiq və dominant futbol oynadılar. Zədələnənə qədər ən yaxşı olan Konate və yoldaşları startadaca pressinq tətbiq edib “Hayduk”un mümkün kombinasiyalarını beşikdəcə boğa bildilər. İş o yer çatdı ki, bəzi epizodlarda Livaya top almaq üçün müdafiəyə qədər qayıtmalı oldu. Rəşad Sadıqov rəqibi yaxşı öyrənmiş, yetirmələrinə doğru tapşırıqlar verə bilmişdi. Renato müdafiədə, Junior və İssa isə orta xətt və hücumda aktiv idilər, keyfiyyətli futbol nümayiş etdirirdilər.
Fasilədən sonra isə xorvatlar “ayıldılar”. Bəli, başlanğıcda Martins və Cibrilanın əldə etdiyi şanslar qola çevrilsəydi, vəziyyət başqa cür ola bilərdi. Amma vurmayana vurarlar prinsipi hələ də işləyir. “Hayduk” yavaş-yavaş həm sürəti, həm cinahlar, həm də mərkəzdəki keçidlər, epizodlarla üstünlüyünü artırırdı. Görünürdü ki, bir tədbir görülməsə, hesab bərabərləşəcək. Elə də oldu.
Bundan sonra oyun sakitləşdi. Komandalar cəhdlərini dayandırmadılar, istəkli davrandılar, amma bu o qədər aşkar olmadı. Sadıqov da, Qarsiya da əvəzetmələrlə oyuna müdaxilə edərək müəyyən dəyişikliklərə getdilər. “Zirə”nin əks-hücum, qonaqların isə mövqe oyununa üstünlük verdiyi göründü.
Sumanın yoxluğu və zədələrin çoxluğunun “Zirə”nin hücum potensialına zərbə vurduğunu söyləmək olar. Avrokuboklarda minimal şanslardan da istifadə etmək lazımdır.
Ümumilikdə, həm oyun planında, həm də performansa görə “Zirə” qələbəyə daha layiq tərəf idi. “Hayduk” isə özünə bənzəmədi. Bəlkə də rəqib əsas gücünü cavab oyununa saxlamışdı və Bakıda müəyyən kəşfiyyatla məşğul oldu. Bunu bir həftə sonra biləcəyik. Yox, Splitdə də bugünkü “Hayduk”a şahidlik edəcəyiksə, “Zirə”nin turu keçmək şansı az deyil.