Fransa Səhiyyə naziri Yannik Neuder iyul 22-də verdiyi açıqlamada fransızların yuxu vərdişlərindəki pisləşməyə diqqət çəkib və iş yerləri ilə məktəblərdə qısa müddətli yuxu fasilələrinin təşviq edilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, “Yuxu uşaqlar üçün nə qədər vacibdirsə, işləyən insanlar üçün də eyni dərəcədə əhəmiyyətlidir. Şirkətlərdə istirahət zonalarının yaradılması olduqca faydalı olar”.
Bu təşəbbüs dövlət tərəfindən məcburi olaraq deyil, tövsiyə xarakterli şəkildə irəli sürüləcək. Nazir Neuderin sözlərinə görə, şirkətlərin sosial məsuliyyət çərçivəsində bu cür imkanlar yaratması həm məhsuldarlığı artıracaq, həm də işçi sağlamlığına müsbət təsir göstərəcək.
Yuxu vaxtı azalıb
Səhiyyə Nazirliyinin hazırladığı hesabata əsasən, fransızlar son 50 ildə orta hesabla gündəlik 1,5 saat daha az yatır. Hazırda gündəlik yuxu orta hesabla 7 saata düşüb. Əhali arasında hər 5 nəfərdən biri 6 saatdan az yatır. Uşaqlar və yeniyetmələr arasında isə bu rəqəm daha da narahatedicidir: onların 30-70 faizə qədəri kifayət qədər yatmır.
Yuxusuzluq sağlamlıq üçün risk faktoru hesab olunur
Mütəxəssislər bildirirlər ki, yuxusuzluq depressiya və digər psixi pozuntular, ürək-damar xəstəlikləri, maddələr mübadiləsi problemləri kimi bir çox xroniki xəstəliklərlə əlaqəlidir. Səhiyyə Nazirliyi “mangerbouger.fr” kimi platformalar və “Jardin Mental” adlı mobil tətbiq vasitəsilə maarifləndirmə kampaniyalarını gücləndirməyi planlaşdırır.
çap et