Vaxt.Az

Hərbi dəstəkdən çox siyasi balans


 

Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi

Hərbi dəstəkdən çox siyasi balans ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA), Ukraynanın hava hücumundan müdafiə və zirehli texnika ehtiyaclarını ödəmək məqsədilə 322 milyon dollar dəyərində yeni silah satışına razılıq verildiyini açıqlayıb.

Vaxt.az xəbər verir ki, razılaşma iki əsas istiqaməti əhatə edir: 172 milyon dollarlıq “HAWK” hava hücumundan müdafiə sistemləri və onların texniki xidməti, 150 milyon dollarlıq isə “Bradley” zirehli döyüş maşınlarının satış və texniki dəstəyi.

DSCA-nın açıqlamasında bildirilir ki, bu sistemlər Ukraynanın hazırkı və gələcək təhlükələrə qarşı müdafiə qabiliyyətini artıracaq və ölkəyə “bölgə təhlükəsizliyi və özünümüdafiə vəzifələrini daha effektiv şəkildə yerinə yetirməyə imkan verəcək”.

Agentliyin məlumatına görə, xüsusilə “Bradley” texnikası ilə bağlı təkliflər Ukraynanın ABŞ mənşəli texnikanın işlək vəziyyətdə saxlanması üçün yerli texniki xidmət imkanlarını gücləndirməyə xidmət edir.

Qeyd edək ki, bu razılaşma ABŞ-ın Ukraynaya may ayı ərzində “F-16” təlimləri və ehtiyat hissələri üçün ayırdığı 311 milyon dollarlıq paketin ardınca elan olunub.

Hazırkı ABŞ Prezidenti Donald Tramp hələlik Ukraynaya yeni bir yardım paketi açıqlamayıb. Onun sələfi Co Bayden dövründə isə Vaşinqton Kiyevə 65 milyard dollardan artıq hərbi yardım ayırmağa söz vermişdi.

 

“HAWK” sistemləri, “Bradley” texnikası və Trampın sükutu: ABŞ–Ukrayna münasibətlərində yeni dönəm

 

ABŞ-ın Ukraynaya 322 milyon dollarlıq yeni silah satışı, görünən tərəfdən texniki dəstək müqaviləsi kimi təqdim olunsa da, əslində siyasi mesajlar daşıyır.

Bayden administrasiyası dövründə Ukraynaya yönəlik ardıcıl hərbi yardımlar, 2024-cü ilin sonlarına doğru Trampın yenidən prezident seçilməsi ilə tempini dəyişdi. Bu gün Kiyev, Vaşinqtondan tam dəstək yerinə, “simvolik razılaşmalar”la təsəlli tapır.

Son paketdə yer alan “HAWK” sistemləri və “Bradley” zirehli texnikası – müasir, lakin artıq ABŞ ordusunda əsas yer tutmayan texnologiyalardır. Bu da göstərir ki, Vaşinqton Kiyevə yeni silahlar deyil, artıq əlində olanları göndərir. Məqsəd Ukraynanı tam tərk etməmək, amma müharibəni də kəskin eskalasiyadan uzaq tutmaqdır.

Digər tərəfdən, Tramp administrasiyasının Ukrayna məsələsində susqunluğu diqqət çəkir. Tramp, yanvar ayında hakimiyyətə gəldikdən sonra Kiyevə heç bir yeni yardım paketi açıqlamayıb. Bu, onun müharibəyə “amerikasayağı baxışının” – yəni Avropanı öz yükünü özü daşımağa məcbur etmə siyasətinin davamı ola bilər.

ABŞ Konqresinə təqdim olunan bu razılaşma həm də daxili siyasətə yönəlmiş siqnaldır: Bayden tərəfdarları Ukrayna siyasətindən geri çəkilmədiklərini göstərmək istəyirlər.

Eyni zamanda, bu satış paketinin Konqresdən keçməsi Respublikaçılarla Demokratlar arasında Ukrayna mövzusundakı mübarizənin səngimədiyini göstərir. ABŞ Ukraynanı dəstəkləməyə davam etsə də, bu dəstəyin həcmi, forması və ardıcıllığı artıq siyasətçilərin güc savaşında alətə çevrilib.

Nəticə etibarilə: 322 milyon dollar – hərbi gücdən çox, siyasi balansın simvoludur.


 





24.07.2025    çap et  çap et