“Reuters” agentliyinin əldə etdiyi gömrük sənədləri, müqavilə nümunələri və fakturalara əsasən, Çin istehsalı olan L550E mühərrikləri Rusiyaya qanunsuz yollarla “ikili istifadə” kateqoriyası altında daxil olur. Mühərriklər “Xiamen Limbach Aviation Engine” şirkəti tərəfindən istehsal olunur və vasitəçi şirkət olan “Beijing Xichao International Technology and Trade” üzərindən Rusiyaya ötürülür.
Məlumata görə, bu mühərriklər əvvəlcə SMP-138 adlı Rusiya şirkətinə, daha sonra isə LIBSS adlı firma vasitəsilə “IEMZ Kupol” şirkətinə çatdırılır. “Kupol” Rusiya Müdafiə Nazirliyinin sifarişi ilə 2025-ci ildə 6 min ədəd “Garpiya-A1” hücum PUA-sı istehsal etməyi planlaşdırır. Bu göstərici ötən illə müqayisədə 3 dəfə artım deməkdir.
Ukrayna hərbi kəşfiyyatına görə, bu PUA-ların ayda orta hesabla 500-ü Ukrayna ərazisinə hücumlarda istifadə olunur. Həmin PUA-ların İran istehsalı olan “Şahid” PUA-larına bənzədiyi, lakin mühərrik, idarəetmə və naviqasiya sistemlərinin Çin mənşəli olduğu bildirilir.
Təchizatın “soyutma qurğusu” adı altında sənədləşdirildiyi və Pekin-Moskva-İjevsk marşrutu üzrə hərəkət etdiyi vurğulanır. Daşımalarda “Sichuan Airlines” və “China Southern Airlines” kimi Çin şirkətlərinin adları hallanır.
Qeyd edək ki, “Xiamen Limbach” və “Kupol” firmaları ABŞ və Aİ tərəfindən sanksiya siyahısına daxil edilib.
Məsələ ilə bağlı açıqlama verən Çin Xarici İşlər Nazirliyi, “Garpiya” PUA-larına hissə ixracından xəbərləri olmadığını bildirib. Nazirlik, “Çin hökuməti ikili istifadə məhsullarının ixracına həm milli qanunlara, həm də beynəlxalq öhdəliklərə uyğun nəzarət edir. BMT tərəfindən təsdiqlənməmiş birtərəfli sanksiyalara isə həmişə qarşı olmuşuq”, – deyə bəyan edib.