Makronun ötən gün verdiyi açıqlamada Fransa hökumətinin Fələstin dövlətini tanımaqla Yaxın Şərqdə sülh prosesinə töhfə verəcəyini deməsi Vaşinqtonda narazılıqla qarşılanıb. Rubio sosial şəbəkə hesabında paylaşdığı bəyanatda qeyd edib ki, “Bu məsuliyyətsiz qərar yalnız “HƏMAS”ın təbliğatına xidmət edir və sülhü əngəlləyir.”
ABŞ Qəzza kartını əlində saxlamaq istəyir
ABŞ-ın reaksiyası təkcə siyasi ritorikadan ibarət deyil. Son aylarda Vaşinqtonun Qəzzada hərbi, iqtisadi və diplomatik təsirini artırmaq üçün bir sıra regional güclərlə – Misir, İordaniya, İsrail və Qətər vasitəsilə – paralel danışıqlar apardığı məlumdur. Fransa kimi Avropa güclərinin bu prosesi pozacağı düşüncəsi isə ABŞ-da ciddi narahatlıq doğurur.
Makronun bəyanatı, əslində, Avropanın, xüsusilə də Fransanın Yaxın Şərqdə daha müstəqil siyasət yürütmək cəhdlərinin bir nümunəsidir. Lakin ABŞ buna sərt cavab verərək bildirmək istəyir ki, Fələstin məsələsi, xüsusən də Qəzza bölgəsinin gələcək statusu və beynəlxalq hüquqi tanınması yalnız ABŞ-ın nəzarətində və təşəbbüsü ilə həll olunmalıdır.
Makronun planı Qərbdə də parçalanma yaradıb
Qeyd edək ki, Fransa bu istiqamətdə tək deyil. İspaniya, İrlandiya və Norveç kimi ölkələr artıq Fələstin dövlətini tanıyıblar. Lakin bu tanıma addımlarının ABŞ-la ziddiyyət təşkil etməsi və NATO daxilində müəyyən diplomatik zolaqları aşması, Vaşinqtonun Avropaya təzyiqlərini daha da artıracağı ehtimalını gücləndirir.
ABŞ Dövlət katibinin təkcə Makronun siyasi ritorikasına deyil, bütövlükdə Avropa ölkələrinin Yaxın Şərqdəki manevr imkanlarına qarşı sərhəd çəkən bu çıxışı, Qəzzanın bundan sonra da Vaşinqtonun qlobal siyasi dizaynında əsas qovşaq kimi qalacağının göstəricisidir.