Vaxt.Az

“Razılaşma ehtimalı 50 faizdir”


 

Avropa Birliyi Yaponiya kimi sərmayə vədi verməyə hazır deyil

“Razılaşma ehtimalı 50 faizdir” ABŞ Prezidenti Donald Tramp Avropa Birliyi (AB) ilə aparılan ticarət danışıqları barədə açıqlama verib. Şotlandiyaya səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Tramp, “Avropa Birliyi ilə çox diqqətlə işləyirik. Razılaşma ehtimalı 50 faizdir, bəlkə bir az daha az, amma 50 deyə bilərik”, – deyə bildirib.

Vaxt.az xəbər verir ki, Tramp Avropa Birliyinin razılaşma istədiyini qeyd edərək, “Birliyin razılaşma üçün şansı hazırda olduqca yüksəkdir”, – fikrini əlavə edib.

Qeyd edək ki, Trampın bu açıqlaması Avropa Komissiyasının “ABŞ ilə danışıqlara əsaslanan həll yaxın görünür” mesajından bir gün sonraya təsadüf edir. Digər tərəfdən, AB ölkələri, danışıqların uğursuz nəticələnəcəyi təqdirdə, 93 milyard avro dəyərində ABŞ məhsullarına qarşı tarif tədbirləri görülməsini təsdiqləyib.

Avropa Komissiyası bildirir ki, əsas prioritet ABŞ Prezidentinin avqustun 1-dən tətbiq etmək istədiyi 30 faizlik idxal tarifinin qarşısını almaqdır.

Tramp razılaşma üçün Avropa Birliyinin bu tarifləri “azaltmalı” olduğunu deyib, lakin əlavə təfərrüat açıqlamayıb.

***

Diplomatik mənbələrin məlumatına görə, tərəflər AB-dən idxal edilən məhsullara 15 faiz həcmində ümumi tarif tətbiqini nəzərdə tutan, Yaponiyaya bənzər çərçivəyə yaxınlaşırlar.

Bununla belə, Ağ Ev yayılan məlumatlara ehtiyatla yanaşmağı tövsiyə edir. Trampın ticarət müşaviri Piter Navarro “Bloomberg”ə bildirib ki, Avropa Birliyindən gələn xəbərlər “diqqətlə” dəyərləndirilməlidir.

Qeyd olunur ki, Aİ-nin ABŞ-a nə təklif edəcəyi hələlik bəlli deyil. Yaponiya kimi sərmayə vədi verməyə Avropa Birliyi isti yanaşmır.

 





26.07.2025    çap et  çap et