Vaxt.az xəbər verir ki, Mixael Hartnettin rəhbərlik etdiyi strategiya qrupu bildirib ki, monetar siyasətin yumşaldılması və maliyyə tənzimləmələrinin yüngülləşdirilməsi fonunda səhm bazarlarında “şar” riski yüksəlməkdədir.
Strateqlər qeyd edib ki, ABŞ, Böyük Britaniya, Avropa və Çin mərkəzi banklarının borclanma xərclərini azaltması ilə ötən il 4,8 faiz olan qlobal orta faiz dərəcəsi hazırda 4,4 faizə düşüb. Onların proqnozuna görə, bu göstərici önümüzdəki 12 ayda 3,9 faizə qədər enə bilər.
Faiz dərəcələrində bu azalma fonunda ABŞ tənzimləyici orqanları, fərdi (pərakəndə) investorların bazardakı payını artırmaq üçün yeni hüquqi dəyişiklikləri gündəmə gətiriblər. “BofA” strategiya qrupu bu tendensiyanın özü ilə birlikdə riskləri də gətirdiyini qeyd edib: “Daha böyük fərdi investor portfelləri, daha yüksək likvidlik, daha çox dəyişkənlik və daha böyük şar potensialı doğurur”, – deyə hesabatda qeyd olunub.
Mixael Hartnett hələ iyun ayında faiz endirimlərinə dair gözləntilər fonunda səhm bazarlarında yeni bir şarın formalaşa biləcəyinə diqqət çəkmişdi.
Qeyd edək ki, “BofA” bu il beynəlxalq səhm bazarlarının ABŞ-ı geridə qoyacağını düzgün proqnozlaşdırıb. Həmçinin, 2024-cü ildəki kəskin artımdan sonra bazarda “köpük” əmələ gəldiyinə dair xəbərdarlıq edən ilk qurumlardan biri olub.
Buna baxmayaraq, ABŞ səhm indeksləri – xüsusən “S&P 500” – yüksək gömrük rüsumlarına rəğmən, davamlı iqtisadi artım və şirkət maliyyə göstəricilərindəki nikbinliklə yeni rekordlara imza atıb. Amma “S&P 500” bu il beynəlxalq indekslərin gerisində qalıb.
Şar riski nədir və niyə təhlükəlidir?
Maliyyə bazarlarında “şar riski” – birja dəyərlərinin, xüsusilə də səhmlərin, real iqtisadi əsaslardan uzaq şəkildə sürətlə və süni olaraq artmasını ifadə edir. Yəni aktivlərin (səhm, daşınmaz əmlak, kriptovalyuta və s.) qiymətləri o qədər şişir ki, sonda ya sürətlə çökür, ya da səssiz şəkildə boşalır.
Bu, bir növ içi hava ilə doldurulan şardır – onu çox şişirsən, gözəlləşir, hər kəs heyran qalır. Amma içində maddi dəyər deyil, sadəcə boşluq var. Gec-tez partlayır.
Bazar psixologiyası: “İtirmə qorxusu” və kütləvi hərəkət
Hazırda investorlar bazarı “şar” kimi şişirdirlər. Bunun arxasında duran əsas səbəblər bunlardır:
Faiz dərəcələrinin aşağı düşməsi – yəni borc pulun daha ucuzlaşması
Daha çox fərdi investorun bazara daxil olması
Tənzimləmələrin yüngülləşdirilməsi
Bu üç amil birlikdə likvidliyi artırır, amma real dəyər artımına yox, qiymət şişməsinə xidmət edir. “BofA” strategiya qrupu bildirir:
“Daha böyük fərdi portfellər – daha çox likvidlik, daha çox dəyişkənlik, daha böyük şar riski yaradır.”
İnsanlar bazarda təkcə qazanc üçün yox, əldən nəyisə qaçırmamaq üçün də alış edir – bu, psixoloji şarın (yəni şarın) əsasıdır.
Faiz endirimi və şar effekti
Qeyd etdiyimiz kimi ABŞ, Böyük Britaniya, Avropa və Çin mərkəzi bankları son bir ildə faiz dərəcələrini endirib və yaxın bir ildə daha da düşəcəyi gözlənilir.
Faizlər aşağı olduqca:
Bank əmanətləri maraqlı olmur
Investorlar risqli aktivlərə yönəlir
Startaplar, texnologiya səhmləri və “hekayəli” şirkətlər önə çıxır
Bu isə bazarın real iqtisadi göstəricilərdən daha çox gözləntilərlə yönləndiyi bir mühit yaradır. Şar da burada formalaşır – içi ümidlə dolu, amma maddi dayaqları zəif.
“S&P 500” və “lider” səhmlər: Şarın içindəki adlar
Hazırda ABŞ-ın “S&P 500” indeksi tarixi zirvələrdədir. Lakin “BofA” xəbərdarlıq edir ki, bu yüksəliş çox az sayda texnoloji şirkət tərəfindən daşınır:
“Apple”, “Microsoft”, “Nvidia”, “Meta”, “Amazon”.
Bu şirkətlərin ümumi çəkisi o qədər artıb ki, artıq indeksin özü belə real vəziyyəti əks etdirmir. Bazarda bir “məhdud şar” yaranıb – içini yalnız bu beş-altı nəhəng doldurur, qalanlar isə ya yerində sayır, ya da geriləyir.
Şar necə partlayır?
Partlayış 5 mərhələdə baş verir.
Qiymətlər real dəyərdən uzaqlaşır
Kiçik korreksiyalar olur, lakin ciddi qəbul edilmir
Fərdi investor panikası başlayır
Likvidlik daralır, satış dalğası başlayır
Bazar kəskin çökür – şar partlayır.
“BofA” 2024-cü ilin sonundan etibarən bazarda “köpük” əmələ gəlməyə başladığını demişdi. İndi isə bu köpüyün şar formasını aldığını qeyd edir.
Dəyərsiz olanın bahalaşması, maliyyə dünyasında gözləntilərin gerçəklikdən sürətlə uzaqlaşdığını göstərir.
Faizlərin endirilməsi, fərdi sərmayəçilərin impulsiv davranışı və “tənzimlənməyən optimizm” birgə şəkildə bazarın bir şara çevrildiyini sübut edir.
“Şar yavaş-yavaş şişir. Bütün dünya nəfəsini tutub izləyir. Amma unutmayaq – şarın içində nə qədər hava varsa, bir o qədər də partlama potensialı var”.